
Təkəbbür göstərmiş qövmlər
Allah dünyanı imtahan yeri olaraq yaratmışdır. Tarix boyunca da insanları xəbərdar edib qorxutmaq və doğru yola yönəltmək üçün elçilərini haqq kitablarla göndərmişdir. Allahın inananlar üçün göndərdiyi və hidayət rəhbəri olan son kitab isə Qurandır. Quran doğrunu yalnışdan ayırır və keçmişdə inkar edən qövmlərin başlarına gələnlərdən bizi xəbərdar edir.
Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. Heç onlardan kiminsə (mövcudluğunu) hiss edir və yaxud onlardan bir hənirti eşidirsənmi? (Məryəm surəsi, 98)Allah tarix boyunca yaşamış bütün qövmlərə doğru yolu göstərmiş, onlara elçilər göndərərək dünya həyatının fani, əsl yurdun isə axirət olduğunu xatırlatmışdır. Əksər insanlar isə elçilərin dəvətinə məhəl qoymayaraq inkardan əl çəkməmişlər. Buna görə də Allah onlara gözlənilməz bəlalar vermiş, bir qismini isə yer üzündən silmişdir. Bu həqiqət bir çox Quran ayələrində öz əksini tapır:
Biz, Adı, Səmudu, Rəss əhlini və onların arasında olan bir çox nəsilləri də (məhv etdik). Biz onların hamısına misallar çəkdik və onların hamısını büsbütün məhv etdik. (Məkkə müşrikləri) bəla yağmuru düşüb (viran qalmış) şəhərin yanından keçmişdilər. Məgər onlar onu görməmişdilər? Xeyr, onlar öldükdən sonra dirilməyə də inanmırlar. (Furqan surəsi, 38-40)Digər Quran ayəsində də keçmiş qövmlərin başlarına gələnlərdən ibrət almalı olduğumuz belə bildirilmişdir:
Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi? Biz onlara yer üzündə sizə vermədiyimiz imkanları vermişdik. Onların üzərinə (göydən) bol-bol yağış yağdırmış və (evlərinin) altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə həlak etdik və onlardan sonra başqa nəsillər yaratdıq. (Ənam surəsi, 6)Digər ayələrdə isə belə buyurulur:
Biz onlardan əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. Onlar diyarbədiyar gəzib dolaşırdılar. Məgər (əzabdan) qaçıb qurtara bildilərmi? Həqiqətən, bunda (həssas) qəlbi olan, hazır durub (diqqətlə) qulaq asan kimsə üçün ibrət vardır. (Qaf surəsi, 36-37)Ayələrdə keçmiş qövmlərdən bəhs edilməsinin əsas səbəbi hazırda yaşayan insanları eyni vəziyyətə düşməkdən çəkindirməkdir. Əvvəlki qövmlərin başlarına gələn fəlakətlərə və onlara aid arxeoloji qazıntılara yalnız tarixi məlumat kimi baxmaq çox yalnışdır. “Biz bunu onlarla (bir dövrdə) olanlar və onlardan sonra gələnlər üçün ibrət, müttəqilər üçün isə öyüd-nəsihət etdik.” (Bəqərə surəsi, 66) ayəsində də bildirildiyi kimi, bu hadisələr geridə qalanların ibrət alması üçün bir vəsilədir. Ancaq bunu da unutmamaq lazımdır: Allah inkar edənləri dərhal əzablandırmamış, əksinə, “bəlkə doğru yola qayıdarlar”,– deyə onları xəbərdar edən elçilər göndərmişdir. Quranda insanların başlarına gələn bəlaların onlara axirət əzabını xatırlatdığı belə xəbər verilir:
Ən böyük əzabdan əvvəl Biz onlara mütləq kiçik əzabdan (dünya əzabından) daddıracağıq ki, bəlkə (doğru yola) qayıtsınlar. (Səcdə surəsi, 21)Allah azğın qövmləri həlak etmiş və yerinə yeni qövmlər yaratmışdır. Bu insanlar Allahın bəxş etdiyi zənginliyə, gözəl evlərə və sənətkarlıq abidələrinə baxmayaraq, Allahı unudaraq bütün ömürlərini boş məqsədlərlə keçirmişlər. Sahib olduqları bütün nemətlərin bir gün yox olacağını heç düşünməmişlər. Allahın onları imtahan etdiyini unutmuş, axirəti heç ağıllarına belə gətirməmişlər. Ölümdən sonra başlayan sonsuz həyatı düşünməmiş, dünya həyatını isə əbədi zənn etmişlər. Halbuki bu yalnış düşüncə onlara xeyir verməmişdir. Min illər keçməsinə baxmayaraq, başlarına gələn fəlakətlər ibrət vəsiləsi olaraq tarixdə qalmışdır.
Səmud qövmü
Azğınlıqlarına və Allahın dininə qarşı çıxdıqlarına görə həlak edilən xalqlardan biri də Səmud qövmüdür. Quranda Səmud qövmünün güclü, zəngin və bir çox sənət əsərinə sahib olduğu qeyd edilir. Ayələrdə Səmud qövmü haqqında belə bildirilmişdir:
Xatırlayın ki, O, sizi Ad qövmündən sonra xələflər etdi və yer üzündə yerləşdirdi. Siz də onun düzənliklərində qəsrlər tikir, dağlarda evlər yonursunuz. Allahın nemətlərini yada salın, yer üzündə fəsad yayaraq pis işlər görməyin. (Əraf surəsi, 74)Digər ayələrdə də Səmud qövmünün yaşadığı mühit belə təsvir edilir:
Məgər siz burada olanların içində sərbəst buraxılacaqsınız? Bağlar və bulaqlar içində, əkinlər və yumşaq meyvəli xurmalıqlar içində (arxayınlıqla qalacaqsınız)? Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz? (Şüəra suresi, 146-149)Allah yaşadıqları rahat şəraitlə lovğalanan Səmud qövmünü sonsuz əzabdan və axirət həyatından xəbərdar edib qorxutmaq üçün hz.Salehi elçi olaraq göndərmişdir. Hz.Saleh öz qövmü arasında hörmətli insan idi. Buna görə də o, qövmünü doğru yola dəvət edərkən çox heyrətlənmişdilər. Saleh peyğəmbərin söylədiklərini xalqın az bir qismi dinləmiş, böyük əksəriyyəti isə qəbul etməmişdir.
Hz.Salehi ən çox inkar edənlər qövmün öndərləri idi. Onlar sahib olduqları maddi imkana arxalanaraq peyğəmbərlərinə qarşı düşmanlıq bəsləyir və ona inananlara təzyiq göstərərək gücdən salmağa çalışırdılar. Onlar hz.Salehin öz qövmünü Allaha ibadət etməyə çağırmasına qəzəblənirdilər. Bu nifrət hissi isə yalnız Səmud xalqına xas deyildi. Onlar özündən əvvəl yaşamış Nuh və Ad qövmlərinin səhvlərini təkrarlıyırdılar. Buna görə də Quranda bu 3 qövmdən belə bəhs edilir:
Sizdən əvvəlkilərin – Nuh, Ad və Səmud tayfalarının, onlardan sonrakıların xəbərləri sizə gəlib çatmadımı? Bu haqda Allahdan başqa heç kəs (heç nə) bilmir. Elçiləri onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə əllərini ağızlarının üstünə qoyub dedilər: “Biz sizinlə göndərilənlərə inanmırıq və bizləri dəvət etdiyiniz (tövhid) barəsində şübhə doğuran şəkk içindəyik!” (İbrahim surəsi, 9)Səmud qövmü hz.Salehə israrla qarşı çıxır, hətta onu öldürməyi planlayırdılar. Saleh peyğəmbər dünya həyatının ötəri nemətlərinə aldanan və bunların əsla yox olmayacağını zənn edən qövmünün öndərlərini “Məgər siz burada olanların içində sərbəst buraxılacaqsınız?” (Şuəra surəsi, 146) sözü ilə xəbərdar etmişdir. Lakin onlar Allahın verəcəyi əzabdan xəbərsiz şəkildə azğınlıqlarını daha da artırmışdılar. Hətta “Ey Saleh! Əgər sən (göndərilən) elçilərdənsənsə, bizə vəd etdiyin əzabı gətir...” (Əraf surəsi, 77) deyərək həddi aşmış, hz.Saleh də Allahın vəhyi ilə onların üç gün ərzində həlak olacaqlarını bildirmişdir. (Hud surəsi, 65)
Həqiqətən də hz.Salehin bildirdiyi doğru çıxmış və Səmud qövmü həlak edilmişdir:
Zülm edənləri isə qorxunc bir səs yaxaladı və onlar öz evlərində üzüqoylu düşüb qaldılar. Sanki orada heç yaşamamışdılar. Həqiqətən, Səmud qövmü öz Rəbbini inkar etdi. Məhv olsun Səmud qövmü! (Hud surəsi, 67-68)Yer üzərində yaşamış bütün qövmlər nə qədər zənginliyə və ehtişama sahib olsalar da, azğınlıq göstərdikləri təqdirdə Allahın əzabına düçar olmuşlar. Hazırda bu azğın qövmlərin nə mallarından, nə də güclərindən əsər-əlamət var. Adları belə bilinməyən bu insanların sonu cəhənnəm həyatı ilə nəticələnmişdir. Hər kəs də bundan ibrət almalı və nəticə çıxarmalıdır.
Səba xalqı
Quranda Səba xalqından belə bəhs edilir:
Səba (qəbiləsinin) yaşadığı yerdə nişanə – (biri) sağda, (digəri də) solda olan iki bağça var idi. (Onlara:) “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. Gözəl diyar və Bağışlayan Rəbb!” (– deyilmişdi). Amma onlar üz döndərdilər, Biz də üstlərinə güclü sel göndərdik. Onların iki bağçasını acı meyvəli, yulğunlu və (içində) bir az sidr ağacı olan iki bağla əvəz etdik. Nankorluqlarına görə onları belə cəzalandırdıq. Məgər biz nankordan başqasını cəzalandırarıqmı? (Səba surəsi, 15-17)Ayələrdən də göründüyü kimi, Səba xalqı bərəkətli bağlarda rifah içində yaşayırdılar. Allahın bu qədər bolluq bəxş etdiyi qövmdən istədiyi isə yalnızca nemətlərə şükür etmələri idi. Onlar isə inkar etdilər və dünyada üstün bir gücə sahib olduqlarını zənn edərək təkəbbür göstərdilər. Nəticəsi isə qaçılmaz əzab oldu.
Möhtəşəm Şumerlər
İraqın cənubunda Dəclə və Fərat çaylarının sahillərinə yaxın səhraya bənzər geniş çöllüklər yerləşir. Bu ucsuz-bucaqsız çöllükdə isə üzəri qumla örtülü olan təpələrin altında böyük tikililərin qalıqları yatır. Bu binalar Şumer xalqı tərəfindən tikilmişdir. Artıq şiddətli səhra küləklərinin sovurduğu qumlardan başqa heç bir şey görünməyən, yalnız çaqqal və kərkəslərin yaşadığı bu yerdə 45 əsr əvvəl su kanalları ilə əhatəli, bağlarla bəzənmiş möhtəşəm şəhərlər vardı. Hazırda isə yalnız ölüm səssizliyi hökm sürür…
Yuxarıdakı cümlələr məşhur arxeoloq Qay Retçetə aiddir. Varlığı haqqında tarix kitablarından oxuduğumuz bu ehtişamlı ölkə dövrümüzdəki cəmiyyətlər kimi həqiqətdir. O dövrdəki insanlar da eynilə bizim kimi yaşamış və memarlıq abidələri ilə zəngin olan şəhərlər inşa etmişlər.
Məsələn, Şumer kraliçası Puabi üçün keçirilən dəfn mərasimi çox maraqlıdır. Müxtəlif mənbələrdə kraliçanın ölü bədəninin yuxarı hissəsinə qızıl və gümüş muncuqlarla, eləcə də lazurit, qırmızı əqiq, xalsedon damarlı əqiq kimi qiymətli daşlarla bəzədilmiş örtüyün sərildiyi qeyd edilmişdir. Örtüyün ucundakı qotazların yenə eyni daşlardan yonulmuş incilərdən hazırlandığı bildirilir. Həmçinin, kraliçanın başına ağır parik, onun üzərinə də bəyaz, ağır oymalarla işlənmiş saf qızıl, çiçəklərdən, vələs və söyüd yarpaqlarından papaq qoyulduğu aşkar edilmişdir. Sırğalarında, ölünün ən yaxınına qoyulmuş cavahiratda, iynələrdə və başlıqlarda qızılın parıldadığı bildirilmişdir.
Qısaca, Şumer mədəniyyətinin mühüm siması olan Kraliça Puabi möhtəşəm cənazə mərasimi və ləvazimatları ilə basdırılmışdır. Məzarda basdırılan xəzinələri, deyilənlərə görə, yalnız silahlı mühafizəçilər və xidmətçilərlə daşımaq mümkün olmuşdu.
Məzara sahib olduğu xəzinələrlə birlikdə qoyulması, əlbəttə, Puabini sür-sümük olmaqdan xilas etməmişdir. O da digərləri kimi, bəlkə də özündən aşağı hesab etdiyi yoxsul və zəif insanlar kimi torpağın altına girmiş, çürümüş, bədəni bakteriyalara yem olmuşdur. Bu nümunə onu göstərir ki, insan nə qədər zəngin, ehtişamlı bir həyat yaşasa da, nə qədər malına və mülkünə güvənsə də, bunlar ona heç bir fayda verməyəcək.
Minoy sivilizasiyası
Avropanın ilk böyük sivilizasiyası olan Minoy e.ə XIV əsrin əvvəllərində qəfildən məhv olmuşdur. Eramızdan 2000 il əvvəl Asiya və Yunanıstandan gələn insanlar Aralıq dənizi sahillərinin ən gözəl yerlərindən biri olan Minoy adasına yerləşmiş və möhtəşəm saraylar inşa etmişlər. Burada ən çox diqqət çəkən məqam xalqın sapqın əyləncə anlayışına sahib olmalarıdır. Allah bu sapqınlıqlarından qurtulmaları və axirəti xatırlamaları üçün ara-sıra zəlzələlərlə onları xəbərdar etmişdir. Daha sonra isə Minoyun şimalında yerləşən Kiklad arxipelaqının adalarından biri olan Tera adasındakı vulkan püskürmüş və bu qorxunc partlayışdan sonra Minoyun saraylarını yerlə bir edən şiddətli zəlzələ baş vermişdir.
Vulkanın külləri Minoy səmalarını bürümüş və eyni anda görünməmiş dəniz qabarması da Knossun limanı olan Amnisosu sulara qərq etmişdir. Minoy saraylarının dağılması çox vahiməli şəkildə baş vermişdir. Nəhəng dalğa sahildə yerləşən bütün şəhərləri sular altında qoymuşdur.
Bir çox xüsusiyyətləri ilə dövrünün ən mühüm sivilizasiyalarından biri olan Minoy xalqı başlarına gələn bu fəlakətləri əsla təsəvvür edə bilməzdilər. Ard-arda baş verən fəlakətlər o möhtəşəm tikililəri tamamilə məhv etmiş və bütün xalqın həlak olmasına səbəb olmuşdur. Geridə nə öz zənginlikləri ilə öyünən insanlar, nə də zənginlikləri və heç bitməyəcəyini zənn etdikləri həyatları qalmışdır. Yerdə qalan isə yalnızca xarabalığa çevrilmiş şəhər və artıq mövcud olmayan mədəniyyət idi. Quranda bu qədim mədəniyyətin insanlara ibrət vəsiləsi olduğu belə vurğulanır:
Yurdlarında gəzib-dolaşdıqları əvvəlki neçə-neçə nəsilləri məhv etməyimiz onları doğru yola gətirmədimi? Həqiqətən, bunda ibrətlər vardır. Məgər onlar qulaq asmırlar? (Səcdə surəsi, 26)Pompey faciəsi
Tarixçilər hesab edirlər ki, bundan 2 min il əvvəl Pompeydə həyat çox rəngarəng olmuşdur. Qədim dünyanın bəzi şəhərləri zövq və səfanın hökm sürdüyü yerlər kimi tanınırdı. Pompey də bunlardan biri idi. Hazırda yalnız xarabalıqları görünən Pompey küçələrində çox sayda meyxanalar və görüş evləri vardı.
Vezuvi yamacları bağlarla örtülü idi. Pompey də bu yamaclarla dəniz arasında salınmış, zəngin romalıların çox sevdiyi məkan idi. Qonşu məmləkət olan Herkulanum da eyni zənginliyə sahib idi. Lakin tarixdəki ən məşhur vulkan püskürmələrindən biri bu gözəl yerləri tamamilə məhv etdi. Geridə isə donmuş lavalar altında “daşa dönmüş” Roma həyatının izləri qaldı.
Fəlakət 24 avqust səhər saatlarında baş verdi. Pompeydə öz xalqından başqa yayda dincəlməyə gələn zəngin romalılar, Herkulanum ya da Vezuvi ətəklərində tikdikləri möhtəşəm evlərdə yaşayan insanlar vardı. Vezuvi vulkanı qəfildən partladı və yer silkələnməyə başladı. Dağdan göy gurultusuna bənzər boğuq uğultu səsləri gəldi. Araşdırmalara əsasən, alovlar sütun halında göyə yüksəlir və çox güclü duman yayılırdı. Eyni zamanda davamlı baş verən partlamalar nəticəsində küllər, daş-torpaq, lava topaları şəhərin üzərinə yağırdı.
Herkulanum əhalisi Vezuviyə daha yaxın olduqlarına görə şəhəri basan yanar palçıq selindən qorxuya düşərək qaçmağa çalışmış, qaça bilməyənlər isə xarabalıqların və ərimiş lavaların altında qalmışdır.
İbrət verici məqam isə odur ki, insanların çoxu şəhərdən ayrılmaqda tərəddüd etmişdir. Şəhərin kraterdən uzaq olması Pompeydə əminlik yaratmış, elə buna görə də zənginlərin çoxu evlərində qalmağı seçərək mallarını, mülklərini qoyub getmək istəməmişlər. Qısa müddətdən sonra səhv etdiklərini anlamağa macal tapmadan həyatlarını itirmişlər. Bir gün ərzində Herkulanum və Pompey şəhərlərində, eləcə də ətrafdakı 6 qəsəbədə yaşayan bütün insanlar tarixdən silinmişdir. Quranda həlak olan bu insanlardan belə bəhs edilir:
Bu, sənə söylədiyimiz məmləkətlər haqqında hekayətlərin bəzisidir. Onlardan (izi) qalanı da vardır, yerlə-yeksan olanı da. (Hud surəsi, 100)Pompeydəki qədim şəhər aparılan araşdırmalar nəticəsində “yaşarkən donmuş halda” tapıldı. İnsanlar can verdikləri halda daşlaşmışdılar. Bu hadisə Quranda belə xəbər verilir:
Rəbbin, haqsızlıq edən məmləkətləri yaxaladığı zaman belə yaxalayır. Onun yaxalaması həqiqətən də, üzücüdür, şiddətlədir. (Hud surəsi, 102)Dövrümüzdən minlərlə il əvvəl mövcud olan sivilizasiyaların geridə buraxdıqları onu göstərir ki, sahib olduqları zənginliklər onlara heç bir fayda verməmişdir. Bu zənginlik isə özlərindən sonra gələn nəslə miras qalmışdır. Bu insanların ən böyük səhvi isə dünya nemətlərinin əbədi olacağını və ölümsüz qalacaqlarını zənn etmələridir. Bu yanlış düşüncə bu gün də insanlardan uzaq deyil. Bir çoxları həyatlarını mal-mülk yığmağa həsr edir və daim yaddaşlarda qalmaq üçün müxtəlif sənət əsərləri düzəldirlər. Hətta bəziləri əvvəlkilərdən daha çox azğınlıq edir və Allahdan gələn xəbərdarlığa da məhəl qoymurlar. Lakin bu insanlar bir həqiqəti unutmamalıdırlar: müəyyən dövrdə yaşayıb, sonra məhv olan qövmlərin qoyduğu izlər ibrət vəsiləsidir və onların heç biri dünyada əbədi qalmamışdır. Adlarını ölümsüzləşdirmək üçün özlərindən geridə əsərlər buraxan insanların adları unudulmuş, nə çürümüş bədənlərinə, nə də axirətlərinə faydalı olmuşdur. Bunlar yalnızca öyüd alıb düşünən insanlar üçün ibrət vəsiləsidir. Baş verən bütün fəlakətlər Allahın əzabını xatırlatmaq üçün tarixdə qalmışdır.
Allah bu örnəkləri verərək dünyaya bağlı olan insanları xəbərdar etmişdir. Şübhəsiz, bundan nəticə çıxaran insanlar tarix boyunca baş verən hadisələrin boş yerə yaradılmadığını və Allahın hər an hər yerdə daha şiddətli fəlakətlər yaratmağa qadir olduğunu anlayırlar. Dünya yalnızca imtahan yeridir. Dünyanı əsil yurd hesab edənlər, keçmişdəkilər kimi bənzər bir itki ilə qarşılaşacaqlar. Şübhəsiz, bu onların etdiklərinin qarşılığı olacaqdır. Axirətdə isə bütün bunların hesabını verəcəklər. Ən doğrusunu Allah bilir.