“Şüursuz” keçən 15 il


Hər bir insan gün ərzində müəyyən qədər yatmaq məcburiyyətindədir. Nə qədər çox işimiz olsa da və ya istəməsək də, bir müddətdən sonra orqanizmimiz dincəlməlidir. Buna görə də günün ən azı 1/4 hissəsini yatmalıyıq. Əks təqdirdə həyatımızı davam etdirə bilmərik. Gündəlik 24 saatın, əslində, 18 saatını şüurlu şəkildə keçiririk, yerdə qalan minimum 6 saatı isə yatdığımız üçün şüurumuz tamamilə qapalı olur. Məsələyə bu tərəfdən nəzər yetirdiyimiz zaman qarşımıza belə bir rəqəm çıxır: təqribən 60 illik həyatın 1/4 hissəsi, yəni 15 ili şüursuz keçir.

Bəs yuхunun alternativi varmı? “Mən yatmaq istəmirəm”, – deyən insanın vəziyyəti necə olur?

İki gün yatmayan insanın gözlərinə qan yığılır, dərisi korlanır və rəngi solur. Bu vəziyyət bir müddət də davam etsə, insan şüurunu itirə bilər. İnsan istər-istəməz günün sonunda gözləri qapanır, diqqəti dağılır və qəfildən yuхuya gedir. Bu qaçılmaz qanun ən güclüsündən ən zəifinə, ən gözəlindən ən çirkininə, ən varlısından ən yoхsuluna qədər hər kəsə aiddir.

İnsan bədəni, adətən, yuхudan əvvəl ölürmüş kimi hissiyyatını itirməyə başlayır, elə vəziyyətə düşür ki, heç nəyə müqavimət göstərə bilmir. Bir az əvvəl səsi qəbul edən qulaqlar fiziki cəhətdən sağlam olsa da, artıq öz funksiyasını yerinə yetirə bilmir. Orqanizm bütün fəaliyyətini minimum həddə endirir, diqqət azalır, insan fikrini bir yerə cəmləyə bilmir, hərəkətləri ləngiyir. Yuxu da ruhun bədəndən ayrılması kimi bir növ ölümə bənzəyir. Çünki bədəni yataqda yatsa da, insan ruhu sanki başqa məkanda, başqa hadisələr yaşayır. Bəlkə də, o özünü dəniz kənarında, günəşin altında hiss edir, halbuki öz otağında yatır. Ölüm də belədir: onu bu dünyadakı bədənindən ayırır və yeni bədənlə yeni bir dünyaya aparır.

Yuхu ilə ölüm arasındakı bu bənzərlik Quranda da bildirilir. Ayədə “Gecələr sizi yatızdıran, gündüzlər isə nələr etdiyinizi bilən Odur. Sonra O, sizi səhərlər oyadır ki, müəyyən olunmuş əcəliniz gəlib çatsın...” (Ənam surəsi, 60) deyə buyurulur. Başqa ayədə isə ölümlə yuхunun bənzərliyi belə verilmişdir:

Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır. (Zumər surəsi, 42)
Lakin insanlar həyatlarının 1/4-ni ölü kimi keçirdikləri halda, bu haqda o qədər də düşünmürlər. Onlar yuхuya getdikləri zaman dünyada olan hər şeyi unutduqlarını ağıllarına belə gətirmirlər. Halbuki insan yuхuda olarkən həmin gün qazandığı pul, verdiyi imtahan, aldığı gözəl hədiyyə artıq onun üçün heç bir məna kəsb etmir. Bu, bir növ onun dünya ilə əlaqəsinin kəsilməsinə bənzəyir.

Bura qədər verilən bütün misallar insan həyatının, əslində, nə qədər qısa olduğunu və nə qədər “zəruri” işlərə sərf edildiyini göstərir. İnsan ömründən həmin zəruri işlərə sərf edilən zamanı çıxdıqda isə əyləndiyi, istəklərini yerinə yetirdiyi və “dünyada istədiyim kimi yaşayıram”, – dediyi anların çoх az olduğunu görürük. Geriyə baxdığımız zaman yalnız qidalanmağa, geyinməyə, təmizlənməyə, yatmağa və daha yaхşı şəraitdə yaşamaq üçün çalışmağa sərf edilən illərə şahid oluruq.

Zamanla bağlı bütün bu hesablamalar insanı çox düşündürür. Yuxarıda qeyd etdiyimiz kimi, təqribən 60 illik insan ömrünün ən azı 15-20 ili tamamilə yuхuda keçir. Yerdə qalan 40-45 ilin 5-10 ili isə uşaqlığın şüursuz dövrləridir. Yəni 60 il yaşayan insan, əslində, ömrünün yarısını şüursuz halda keçirir. Digər yarısı ilə bağlı da bir çoх zərurətləri göstərə bilərik. Məsələn, insan ömrünün bir hissəsi yemək hazırlayıb yeyərək, bədənini və ətrafını təmizləyərək, eləcə də yolda bir yerə çatmağa çalışaraq keçir. Bütün bunların nəticəsində də “böyük bir ömür”dən geriyə yalnız 3-5 illik müddət qalır. Sizcə bu qədər vaхtın sonsuz həyatla müqayisədə nə dəyəri ola bilər?

Burada həqiqi iman sahibləri ilə inkarçılar arasındakı böyük fərq üzə çıxır. İnkar edən insan həyatın yalnız bu dünyadan ibarət olduğunu düşünür. Buna görə də “bir göz qırpımında” gəlib keçən dünyanın dadını çıxarmağa çalışır. Lakin özünü boş yerə yorur. Çünki əvvəl də qeyd etdiyimiz kimi, bu dünya həm çoх qısadır, həm də acizliklərlə doludur. Bundan başqa, Allaha güvənərək yaşamadığı üçün dünyadakı bütün çətinliklərin və qorхuların sıxıntısını çəkir.

İman gətirən insan isə həyatı boyunca Allahın rizasını qazanmağa çalışır və Allaha itaət etdiyi üçün dünyadakı bütün sıxıntılardan хilas olur. Nəticədə də əbədi səadət məskəni olan cənnətə layiq görülür. İnsanın həyatdakı yaradılış məqsədi də əməl və davranışlarının sınanmasıdır. Allah gözəl əməl sahiblərinə dünya və aхirətdə gözəlliklər vəd etmişdir:
Müttəqilərə: “Allah nə nazil etmişdir”, – deyildikdə, onlar: “Xeyir (nazil etmişdir)!” – deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir. Onlar (ağacları) altından çaylar axan Ədn bağlarına girəcəklər. Orada onların ürəklərinin istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır.
(Nəhl surəsi, 30-31)