Qaçılmaz sonluq: ölüm


Hər gün ölümə daha da yaxınlaşdığınızın fərqindəsinizmi? Ölümün bəlkə də sizə digər insanlardan daha yaxın olduğunu bilirsinizmi?

Hər kəs ölümü dadacaqdır. Sonra da Bizə qaytarılacaqsınız. (Ənkəbut surəsi, 57) ayəsi ilə bildirildiyi kimi dünyada yaşamış, yaşayan və yaşayacaq hər insan istisnasız öləcək. Buna baxmayaraq, insanlar özlərini bu sondan uzaq görürlər.

Dünyaya gözlərini ilk dəfə açan və son dəfə yuman iki insan düşünün. Nə doğulan körpə öz doğumuna müdaxilə edə bilib, nə də ölən insan. Yalnız Allah bu gücə sahibdir. Dilədiyi zaman yaradır və dilədiyini də geri alır. Bütün insanlar müəyyən müddət yaşayacaq və daha sonra öləcəklər. Quranda bu həqiqət belə bildirilmişdir:

De: 'Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir'. (Cümə surəsi,8)
İnsanların əksəriyyəti ölümü yox, gündəlik həyatlarını daha çox düşünürlər. Hansı məktəbdə oxuyacaqları, hansı işdə işləyəcəkləri, nə geyinəcəkləri, nə içəcəkləri onlar üçün daha vacibdir. Bu insanlar həyatlarının sadəcə bundan ibarət olduğunu düşünürlər. Ölümdən bəhs edildiyi zaman isə "ağzını xeyirə aç" kimi bəsit və əsassız sözlərin arxasında gizlənirlər. Yaşlanaraq öləcəklərini və ən az 50-60 il daha yaşaya biləcəklərini düşünürlər. Buna görə də gənc yaşda belə "iç qaraldan" mövzularla beyinlərini məşğul etmək istəmirlər. Halbuki heç kim bir saniyə sonra həyatda olub olmayacağından əmin ola bilməz. Hər gün televiziyada ölümlə bağlı onlarla xəbər eşitmələrinə və ya öz qohumlarının ölümünə şahid olmalarına baxmayaraq bu onlara əsla təsir etmir.

Halbuki ölüm anı gələndə həyata dair bütün "gerçəkləri" alt-üst edir və sizdən geriyə heç bir şey qalmır. Bu ankı halınızı, gözlərinizin açılıb yumulmasını, vücudunuzun hərəkətini, danışmağınızı, gülməyinizi, yəni bütün həyati funksiyalarınızı düşünün. İndi də ölümlə birlikdə nə hala düşəcəyinizi gözünüzdə canlandırmağa çalışın...

Hərəkətsiz bir şəkildə ətrafınızda olub bitənləri anlamadan eləcə yatacaqsınız. Bədəninizi başqaları daşıyacaq və bir "ət yığını" olacaqsınız. Tabutunuzun qoyulacağı məzar qazılarkən siz qüslxanada kimsə tərəfindən yuyundurulacaqsınız. Sizi ağ kəfənə sarıyacaq və tabuta qoyacaqlar. Məsciddə iş bitdikdən sonra məzarlığa aparılacaqsınız. Üzərində adınızın, doğum və ölüm tarixinizin yazıldığı bir daş qoyulacaq. Kəfənlə birlikdə sizin üçün qazılan çuxura atılacaqsınız. Üzərinizə əvvəlcə taxta qoyulacaq, arxasından da torpaq atılacaq. Bu proses torpaq üzərinizi tam örtənə qədər davam edəcək.

Məzarınızı ilk öncələr tez-tez ziyarət edəcəklər. Daha sonra bu ziyarətlər azalacaq və sonralar heç olmayacaq. Bu ziyarətlərdən isə sizin xəbəriniz belə olmayacaq.

Otağınız, illərlə uzandığınız yatağınız boş qalacaq. Cənazəniz qaldırıldıqdan sonra şəxsi əşyalarınız ehtiyacı olanlara paylanacaq. Yaxınlarınız qeydiyyat idarəsinə gedib öldüyünüzü və bu dünyadan qeydinizi sildirəcəklər. Yeni ölmüsünüzsə arxanızdan bir neçə nəfər ağlayacaq. Zamanın unutdurucu təsirindən sonrakı illərdə insanların hafizələrində getdikcə yoxluğa qərq olacaqsınız. Bir neçə on il sonra isə “uzun ömür” sürdüyünüzə baxmayaraq, sizi xatırlayan kimsə qalmayacaq. Bununla birlikdə öldükdən sonra geridə qalan ailəniz və qohumlarınız da yavaş-yavaş ölüb getdiyi üçün xatirdə qalıb qalmamaq sizin üçün bir şey ifadə etməyəcək.

Dünyada bunlar baş verərkən bədəniniz torpağın altında sürətlə çürüyəcək. Torpağa qoyulduqdan sonra böcəklər və bakteriyalar öz işinə başlayacaq.

Qarında toplanan qazlar cəsədi şişirdəcək və bu şişkinlik bədənin hər tərəfinə paylandığı üçün cəsəd tanınmaz hala gələcək. Bundan sonra qazın diafraqmaya göstərdiyi təzyiqdən ağzınızdan və burnunuzdan qanlı köpüklər gəlməyə başlayacaq. Çürümə getdikcə, tüklər, dırnaqlar, ovuclar və dabanlar yerlərindən oynayacaq. Daxili orqanlarda da çürümə başlayacaq. Ən qorxunc hal isə elə bu zaman gerçəkləşəcək. Qarın bölgəsinə toplanan qazlar dərinin nazik yerindən cırıb çıxacaq və bədəndən dözülməz qoxu yayılacaq. Bu müddət ərzində başınızdan etibarən hissə-hissə dəriniz və yumşaq toxumalarınız tökülməyə başlayacaq. Skeletiniz görünəcək. Beyin tamamilə çürüyüb gilə çevriləcək. Sümüklər vətərlərdən ayrılacaq və skelet dağılmağa başlayacaq... Bu cəsədiniz torpaq və ya sümük yığınına çevrilənə qədər davam edəcək.

Bu elə bir andır ki, ölümdən öncəki bir saniyəyə belə qayıtmaq mümkün deyil. Ailən ilə görüşmək, dostlarınla əylənmək, ən yüksək mövqeyə çatma şansı artıq olmayacaq. Bədəniniz artıq məzarda çürüyən bir skeletdən başqa bir şey deyil.

Qısası, “mən” sandığınız bədən çox diksindirici bir sonla məhv olub gedəcək. Siz, yəni həqiqətdə bir ruh olan siz bu bədəni çoxdan tərk etmiş olacaqsınız. Bədəniniz isə yox olacaq.

Bəs bütün bunların səbəbi nədir?

Allah diləsəydi, insan bədənini öldükdən sonra bu hala salmazdı. Bütün bunlar isə çox böyük məna dayışıyır.

Əvvəla, insan bu qorxunc sonu görərək yalnız bədəndən ibarət olmadığını, əslində bədəninin yalnız ötəri bir libas olduğunu anlamalıdır.

Həmçinin insan bu ötəri dünyada sonsuza qədər qalacaqmış kimi bütün istəklərinə tabe olduğu bədəninin aqibətini düşünməlidir.

O bədən bir gün mütləq torpağın altında çürüyəcək, qurdlayacaq və skeletə çevriləcək. O gün bəlkə də bir addım irəlidədir.

Bütün bu həqiqətlərə baxmayaraq, insan ruhunda sevilməyən, istənilməyən şeyləri düşünməmək , yox qəbul etmək meyli var. Bu ən çox ölüm mövzusunda baş verir. Yuxarıda da bildirildiyi kimi insanlar ölümü ancaq tanışlarını itirdikləri zaman xatırlayırlar. Əksər insanlar ölümü özündən uzaq görürlər. Yolda gedərkən və ya yataqda ölən insanların özlərindən bir fərqimi var, görəsən? Yoxsa o “daha gəncdirmi” və “ uzun illərmi” yaşayacaqdır? Evindən məktəbə getmək və ya vacib bir iclasa çatmağa çalışarkən yol qəzası keçirən, heç təsəvvür etmədiyi bir zamanda gözləmədiyi xəstəliyə tutulan biri də ölmədən öncə eyni düşüncədə ola bilər. Bu insanlar bir gün əvvəl yaşarkən sabah qəzetlərdə özlərinin ölüm xəbərinin yayılacağını ağıllarına belə gətirməmiş ola bilərlər.

Qəribəsi budur ki, siz bu sətirləri oxuyarkən çox qısa müddət sonra ölə biləcəyinizi düşünməyə bilərsiniz. Hələ görüləcək, bitiriləcək işlərinizin olması, bəlkə də ölümün sizdən uzaq olduğunu düşündürə bilər. Halbuki bu qaçışdır. Allah isə bu qaçışın fayda verməyəcəyini belə bildirmişdir:
De: 'Əgər ölməkdən, yaxud öldürülməkdən (qorxub) qaçarsınızsa, qaçmaq sizə heç bir fayda verməz. (Qaçsanız belə, dünyada) ancaq az bir müddət dolanıb-keçinərsiniz. (Alnınıza nə yazılmışsa, o da olacaq. Qaçsanız da, qaçmasanız da əcəliniz çatan kimi öləcəksiniz. Allahın əzəli hökmünü dəyişdirmək olmaz!) (Əhzab surəsi, 16)
İnsan bilməlidir ki, bu dünyaya “çılpaq” gəlmişdir və yenə də “çılpaq” şəkildə gedəcəkdir. Doğulduqdan sonra ehtiyaclarını ödəmək üçün ona verilən nemətləri sahiblənmək və onları əldə saxlamağı həyatının məqsədinə çevirmək əbəsdir. Heç kim malını, mülkünü, ya da sahib olduğu digər şeyləri öldükdən sonra özü ilə apara bilməz. İnsan bədəni bir neçə metrlik ağ parçaya bükülərək dəfn edilir. Bu qısa dünyaya aciz gəlir və aciz gedir.

Özü ilə birlikdə axirətə gedən tək şey Allaha olan inancı və ya inancsızlığıdır.