Niyə acizliklər var?


Allah insanı ən gözəl şəkildə yaratmış, ona bir çox üstün xüsusiyyətlər vermişdir. İnsan bütün varlıqlar içərisində düşünmək, qərar vermək, şüurlu davranmaq, düşündüklərini tətbiq etmək, planlar qurmaq, nəticə çıxarmaq kimi xüsusiyyətlər baxımdan üstündür.
Bəs heç düşünmüsünüzmü ki, insanlar bütün bu üstünlüklərin əksinə olaraq nə üçün olduqca qorunmağa ehtiyacı olan orqanizmə sahib olublar? Niyə gözlə görünə bilməyən kiçik bakteriyalar, viruslar bu bədənə zərər yetirə bilir? Niyə insan həyatı boyu davamlı təmizlənməyə və bədəninə qulluq etməyə məcburdur? Niyə bədənimiz zaman keçdikcə yaşlanır və əldən düşür?
Bir çoxları bunu çox “təbii hal” kimi qəbul edir. Lakin insanın acizliyinə aid hər xüsusiyyəti Allah xüsusi məqsədlə yaratmışdır. Nisa surəsinin 28-ci ayəsində “insan zəif yaradılmışdır” hökmü ilə bu gerçəyə diqqət çəkilir. İnsan zəif yaradılıb ki, bir qul kimi Yaradıcımız olan Allaha qarşı acizliyini anlasın və dünyanın müvəqqəti məkan olduğunu düşünsün.
İnsan nə vaxt, harada doğulacağını, hansı tarixdə, necə öləcəyini müəyyən edə bilməz. Həyatından nə qədər məmnun olsa da, buna müsbət və ya mənfi yöndə təsir edəcək heç bir idarəedici gücü yoxdur. Ölümcül xəstəliyə tutula, şikəst qala bilər. Hansısa səbəbdən itirməyəcəyini düşündüyü fiziki qüvvəsini, gözəlliyini və ya lovğalandığı hər hansı bir fiziki xüsusiyyətini itirə bilər.
İnsan bədəni hər cəhətdən qorunmağa möhtacdır. Dünyəvi şərtlərdə başına nə vaxt nə gələcəyi bəlli deyil. Yaşadığı yer istər dünyanın ən inkişaf etmiş şəhəri olsun, istərsə də ən ucqar yerdə elektrikdən, sudan məhrum bir dağ kəndi olsun, insan hər an gözləmədiyi təhlükələrlə qarşılaşa bilər. Yaşadığı yer kimi, kim olması də bu halı istisna etmir. Dağda sürülərini otaran çoban və ya bütün dünyanın tanıdığı məşhur bir insan olsun. Hansısa bir hadisə onun həyatını ağlına belə gətirməyəcəyi cəhətdən dəyişə bilər.
Təxminən 70-80 kiloqramlıq ət və sümük parçası olan orqanizm  incə dəri ilə əhatə edilir. Əlbəttə, bu nazik dəri asanlıqla cızılır, yırtılır, ən kiçik bir zərbədən göyərir. Günəş altında uzun müddət qala bilmir. Müəyyən bir həddi aşsa, əvvəlcə qızarır, sonra şişir və su toplayır. Qısası, isti havaya məruz qalan insan özünü mütləq qorumalıdır.
Allah insanları ən gözəl surətdə və ən mükəmməl sistemlərlə yaratmışdır. Ancaq dünyanın müvəqqəti olduğunu göstərmək və hərisliyə qapılmamaları üçün bədəni ət və yağ kimi çox tez xarab olan maddələrdən yaratmışdır. Əgər insanın fərqli maddələrdən yaradılmış zireh kimi bədəni olsa idi, o zaman heç bir virus, soyuq və ya hər hansı bir qəza bu zirehi deşib keçməyə, zərər verməyə gücü çatmazdı. Halbuki ət və yağ bir neçə saat açıqda qaldıqda pis iy verir, korlanır. Elə insanın ən böyük acizliklərindən biri də təşkil olunduğu maddələrin bu qədər keyfiyyətsiz olmasıdır.
İnsan Allah tərəfindən verilmiş bir xatırlatma olaraq orqanizminin acizliyini daim hiss edir. Məsələn, soyuq havanın təsiri insan bədəninin acizliyini bütün həqiqəti ilə ortaya çıxarır. Soyuq hava insanın fizioloji müdafiəsini yavaş-yavaş iflic edir. Bədənin davamlı özünü tənzimləyərək qoruduğu sabit temperaturun (370 C) nə qədər mühüm olduğu belə bir vəziyyətdə dərhal anlaşılır.
1. Çox soyuq havada bədənin hərarəti get-gedə aşağı düşə bilər. Əvvəlcə ürəyin döyünməsi sürətlənir, damarlar yığılır, arterial qan təzyiqi yüksəlir. Orqanizm özünü isitmək üçün titrəməyə başlayır.
2. Bədənin temperaturunun 35 dərəcəyə düşməsi artıq təhlükəli vəziyyətdir. Ürək döyüntüsü azalmağa başlayır, təzyiq aşağı düşür, qollarda və ayaqlarda, daha çox barmaqlarda damarlar yığılmağa başlayır. Bədənin temperaturu 35 dərəcəyə düşən bir insanda şüurun aydın olmaması, istiqamət (müvazinət) pozğunluğu, yuxuya meyillilik və fikir dağınıqlığı əmələ gəlir. Zehni proseslərdə zəifləmə hiss olunur. Burada başqa bir əsas məqam bədənin temperaturunun yalnız 1,5 dərəcə aşağı düşməsi ilə belə mühüm dəyişikliklərin ortaya çıxmasıdır. Soyuq yerdə çox qaldıqda və bədənin temperaturu 33 dərəcədən aşağı düşdüyü zaman yaddaş və şüur itir. 24 dərəcəyə çatanda tənəffüs, 20 dərəcədə beyin, 19 dərəcədə isə ürək dayanır və insan üçün qaçılmaz olan ölüm baş verir.
Yuxarıdakı qeyd edilən sadəcə kiçik bir nümunədir. Növbəti bölmələrdə insanın fiziki olaraq sahib olduğu acizlikləri daha ətraflı izah etməyə çalışacağıq. Bunu hazırlamaqda məqsədimiz insanın bu dünyada nə edirsə etsin, heç nəyə qane olmayacağını, çünki sahib olduğu acizliklərin buna mane olacağını göstərməkdir. Bunu görən insan isə gerçək yurdu olan cənnətə yönəlməli, bu dünyaya kor-koranə bağlanmamalıdır. Çünki insana vəd edilən sonsuz bir cənnət həyatı vardır. Qarşıdakı bölmələrdə də üzərində duracağımız kimi cənnət heç bir əksikliyin, qüsurun, fiziki acizliyin olmadığı yerdir. İnsan orada nəfsinin arzuladığı hər şeyə sahib olacaq, yorğunluq, aclıq, susuzluq, yaşlanma, xəstəlik və s. kimi fiziki qüsurlardan isə tamamilə uzaq olacaqdır. Digər məqsədimiz isə insanın öz acizliyi qarşısında Rəbbimizin üstünlüyünü, ucalığını qavramasına və Ona möhtac olduğunu anlamasına kömək etməkdir. Necə ki, Quranda insanların Allaha möhtac olduqları belə bildirilmişdir:

Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifə layiqdir. (Fatir surəsi, 15)