Maddənin həqiqətini dərk etmək


Ağıllı və vicdanlı insan ətrafına baxdıqda gördüyü hər şeyin yaradıldığını dərhal anlayır. Bəs bütün bu canlı və cansız aləmi kim yaradıb?

Aydındır ki, kainatın hər yerində qarşılaşdığımız yaradılış nümunələrini kainat özü yarada bilməz. Məsələn, böcək öz-özünü yaratmayıb. Günəş sistemi, insanlar, bitkilər, bakteriyalar, kəpənəklər və hətta eritrositlər də özləri-özlərini yaratmayıblar. Bütün bunların təsadüfən yaranma ehtimalı qətiyyən yoxdur.

Qısası, belə bir nəticəyə gəlirik ki, gözümüzlə gördüyümüz hər şey yaradılmışdır. Lakin bunların heç biri “Yaradıcı” deyil. Onda Yaradıcı gözlə görünən hər şeydən fərqli və üstün bir varlıqdır. Özü görünməyən, lakin yaratdığı hər şeydə varlığını və vəsflərini göstərən üstün bir güc sahibidir.

Allahın varlıq dəlillərini görməyən insanlar bu məqamda yanılırlar. Onlar Allahı görmədikcə Ona iman gətirməyəcəklərini vurğulayırlar. Bu zaman isə kainatdakı yaradılış həqiqətlərini gizləməyə, kainatın və canlıların yaradılmadığını iddia etməyə məcbur olurlar. Bunun üçün də yalanlara əl atırlar. Bu mövzuda deyilən yalanlara və çarəsiz çırpınışlara ən bariz nümunə isə təkamül nəzəriyyəsidir.

Əksər inkar edənlərin əsas səhvi Allahın varlığını inkar etmələri deyil, yanlış Allah inancına sahib olmalarıdır. Cəmiyyətin böyük qismini təşkil edən bu insanlar yaradılışı inkar etmirlər. Lakin Allahın “harada” olduğuna dair qeyri-adi batil inanclara sahibdirlər. Bir çoxları Allahın göydə olduğunu zənn edirlər. Şüuraltındakı bu batil düşüncəyə əsasən, Allah uzaqdakı planetlərdən birinin arxasındadır və çox nadir hallarda dünya işlərinə müdaxilə edir. Hətta heç bir şey etmədiyini də düşünənlər var. Onların fikrincə Allah kainatı yaradaraq özbaşına buraxmışdır. İnsanlar isə qədərlərini özləri yazırlar.

Bəziləri də Allahın “hər yerdə” olduğunu Qurandan öyrənməsinə baxmayaraq, bunun mənasını tam olaraq anlamır. Şüuraltındakı digər batil düşüncəyə əsasən isə Allah radio dalğalar, ya da görünməyən və hiss edilməyən qaz kimi (Allahı tənzih edirik) maddi aləmi əhatə edir.

Bu fikirlərə sahib olan və Allahın harada olduğunu dərk edə bilməyən (bəlkə də buna görə Onu inkar edən) insanların ortaq səhvi isə ondan ibarətdir ki, onlar əsassız, qərəzli mühakimə yürüdərək Allah ilə bağlı zənlərə qapılırlar.

Bəs bu qərəzli mühakimə nədir?

Həmin qərəzli mühakimə maddənin varlığı və xüsusiyyəti ilə bağlıdır. İnsanların böyük əksəriyyəti maddi kainatın həqiqətən gerçək olduğuna əmindirlər. Halbuki müasir elm sayəsində bu qərəzli mühakimə təkzib edilərək çox mühüm və təsiredici həqiqət aşkara çıxarılmışdır. Quranda da işarə edilən bu böyük həqiqəti növbəti bölmələrdə daha ətraflı izah edəcəyik.

Elektrik siqnallarından ibarət olan kainat

Yaşadığımız dünya ilə bağlı bütün məlumatları 5 hiss orqanımız vasitəsilə alırıq. Yəni biz gözümüzün gördüyü, əlimizin toxunduğu, burnumuzun qoxladığı, dilimizin daddığı və qulağımızın eşitdiyi dünyanı tanıyırıq. Dünyaya gəldiyimiz andan etibarən bu hisslərə bağlı olduğumuz üçün “xarici dünya”nın hiss etdiyimizdən daha fərqli ola biləcəyini heç düşünməmişik. Halbuki müasir dövrdə bir çox elm sahəsində aparılan araşdırmalar fərqli bir anlayışın formalaşmasına, hisslərimizlə və qavradığımız dünya ilə bağlı ciddi şübhələrin yaranmasına səbəb olmuşdur.


Alovun işığını və istiliyini hiss etdiyimiz anda belə beynimizin içi qapqaranlıq olur və oradakı temperatur qətiyyən dəyişmir.


Bir cisimdən gələn işıq şüaları torlu qişanın üzərinə tərs düşür. Burada elektrik siqnalına çevrilən görüntü beynin arxa tərəfindəki görmə mərkəzinə çatdırılır. Görmə mərkəzi çox kiçik bir yerdir. Beyin işığı keçirmədiyinə görə işığın görmə mərkəzinə çatması mümkün deyil. Yəni biz parlaq və üç ölçülü dünyanı çox kiçik, işığın əsla çata bilmədiyi nöqtədə qavrayırıq.

Bu yeni anlayışa əsasən, bizim ətraf aləm olaraq hiss etdiklərimiz yalnız elektrik siqnallarının beyində yaratdığı təsirlərdir. Almanın qırmızı rəngi, taxtanın sərtliyi, həmçinin, anamız, atamız, ailəmiz, eləcə də sahib olduğumuz malımız, evimiz və işimiz yalnızca beynimizdəki elektrik siqnallarından ibarətdir.

Frederik Vester bu barədə elmin gəldiyi son nəticəni belə ifadə edir:

Bəzi mütəfəkkirlərin “insan xəyaldır, əslində, bütün baş verənlər ötəri və aldadıcıdır, bu kainat kölgədir” kimi sözləri elmi cəhətdən öz sübutunu tapır.

Mövzunu tam izah etmək üçün, əvvəlcə xarici dünya haqqında məlumat əldə etməyimizi təmin edən hisslərimizdən bəhs edək.

Görmə, eşitmə və dadbilmə prosesi necə baş verir?

Görmə prosesi mərhələli şəkildə baş verir. Görmə zamanı hər hansı cisimdən gələn işıq şüaları (fotonlar) gözün önündəki büllurun içindən qırılaraq keçir və gözün arxasındakı torlu qişaya tərs düşür. Buradakı hüceyrələr tərəfindən elektrik siqnalına çevrilən fotonlar sinirlər vasitəsilə beynin arxasında çox kiçik yer olan görmə mərkəzinə çatdırılır. Bu elektrik siqnalı müəyyən proseslərdən sonra burada görüntü olaraq şərh edilir. Yəni görmə prosesi, əslində, beynin arxasındakı kiçik, işığın girmədiyi qapqaranlıq yerdə baş verir. İndi isə bir çoxlarının bildiyi görmə prosesini daha ətraflı izah edək. Biz: “görürəm”– dedikdə, əslində, gözümüzə gələn şüaların elektrik siqnalına çevrilərək beynimizdə yaratdığı təsirini görürük. Yəni görmə prosesi beynimizdəki elektrik siqnallarını seyr etməkdən ibarətdir.


Cisimdən gələn xəbərdarlıqlar elektrik siqnalına çevrilərək beyində müxtəlif təsirlər yaradır. Görürəm deyəndə, əslində, beynimizdəki elektrik siqnallarının yaratdığı təsiri seyr edirik.

Həyatımız boyunca gördüklərimiz bir neçə kub santimetrlik (sm3) görmə mərkəzində yaranır. Oxuduğumuz bu sətirlər də, üfüqə baxdıqda gördüyümüz ucsuz-bucaqsız mənzərə də bu kiçik yerdə əmələ gəlir. Lakin burada bir şeyi nəzərdən qaçırmamalıyıq. Əvvəl də qeyd etdiyimiz kimi, kəllə qutusu işığı qətiyyən keçirmir, yəni beyinin içi qapqaranlıq olur. Buna görə də beyinin işıqla əlaqəyə girməsi mümkün deyil.

Bu qeyri-adi vəziyyəti belə bir nümunə ilə izah edək. Düşünün ki, qarşınızda bir şam var və siz onu uzun müddət izləyə bilirsiniz. Lakin beyniniz bu müddət ərzində şam işığının özü ilə heç vaxt əlaqəyə girə bilmir. Şamın işığını gördüyünüz anda belə kəllə qutusunun və beyninizin içi qapqaranlıq olur. Maraqlıdır ki, qapqaranlıq olan beyninizin içində parlaq, işıqlı və rəngli bir dünya seyr edirsiniz.

R.L.Qreqori çox təbii qarşıladığımız görmə prosesinin, əslində, nə qədər möcüzəvi olduğunu belə ifadə edir:

Görmə prosesinə o qədər öyrəşmişik ki, cavablanmalı sualların olduğunu anlamaq üçün böyük xəyal gücünə ehtiyac duyuruq. Lakin buna diqqət edin. Gözlərimizə kiçik, tərsinə çevrilmiş görüntülər verilir və biz bunları ətrafdakı düzgün obyektlər olaraq görürük. Torlu qişanın üzərindəki siqnallar nəticəsində dünyanın maddələrdən ibarət olduğunu hiss edirik və bu, əslində, möcüzədən qətiyyən fərqlənmir.

Bu vəziyyət digər duyğularımıza da aiddir. Səs, toxunuş, dad və qoxu beyinə elektrik siqnalı formasında gələrək buradakı müvafiq mərkəzlər tərəfindən hiss edilir.

Eşitmə prosesi də eyni formadadır. Xarici qulaq ətrafdakı səs dalğalarını qulaq seyvanı vasitəsilə toplayıb orta qulağa ötürür. Orta qulaq qəbul etdiyi səs titrəyişlərini gücləndirərək daxili qulağa, daxili qulaq isə bu titrəyişləri elektrik siqnalına çevirərək beyinə göndərir. Görmə prosesi kimi, eşitmə prosesi də beyindəki eşitmə mərkəzində baş verir. Kəllə qutusu içəriyə həm işığı, həm də səsi buraxmır. Buna görə də ətraf mühit nə qədər gurultulu olsa da, beynin içi tamamilə səssiz qalır.

Buna baxmayaraq, səslər beyində çox aydın hiss edilir. Bu elə bir həssaslıqdır ki, sağlam insan qulağı səsdə heç bir qüsur və xışıltı olmadan hər şeyi eşidə bilir. Səs keçirməyən beyninizdə orkestrin simfoniyalarını dinləyir, izdihamlı mühitin səs-küyünü, həmçinin, yarpağın xışıltısından reaktiv təyyarələrin gurultusuna qədər bütün səsləri eşidirsiniz. Bu zaman beyninizin içindəki səs səviyyəsi həssas cihazlarla ölçülsə, burada dərin səssizliyin hökm sürdüyünü görəcəksiz.

İybilmə duyğusu da belədir. Vanil və qızılgül kimi uçucu qoxu molekulları epitel bölgəsindəki titrək tüklərdə yerləşən reseptorları qıcıqlandırır. Daha sonra elektrik siqnalına çevrilərək beynimizə ötürülür və biz bunu qoxu olaraq hiss edirik. Nəticə etibarilə bizim xoş və ya pis olaraq ayırd etdiyimiz bütün qoxular uçucu molekulların elektrik siqnalına çevrilərək beynimizdə yaratdığı təsirdən başqa bir şey deyil. Ətirin, çiçəyin, dənizin və sevdiyiniz yeməyin qoxusunu, ümumiyyətlə, bəyəndiyiniz, ya da bəyənmədiyiniz hər cür qoxunu beynimizdə hiss edirik. Lakin qoxu molekulları beyinə qətiyyən çatmır. Səs və görüntü kimi, qoxu da yalnızca beynimizə çatan elektrik siqnallarından ibarətdir. Qısası, doğulduğumuz andan etibarən ətrafdakı cisimlərə aid olan qoxular, əslində, duyğu orqanlarımız vasitəsilə hiss etdiyimiz elektrik siqnallarıdır.

Dilimizin ön tərəfində də dörd fərqli kimyəvi reseptorlar var. Bunlar duzlu, şirin, turş və acı dadlara reaksiya göstərir. Dad reseptorları bəzi kimyəvi proseslərdən sonra qəbul etdiyi qıcıqları elektrik siqnalına çevirərək beyinə ötürür. Beyin isə gələn siqnalları dad olaraq hiss edir. Şokolad və ya meyvə yedikdə hiss etdiyimiz dad, əslində, elektrik siqnallarının beyin tərəfindən şərh olunmasıdır. Sizdən kənarda olan cismi qətiyyən hiss edə bilməzsiniz. Şokoladın özünü görmək, qoxlamaq və dadmaq mümkün deyil. Məsələn, beyinə gedən dadbilmə sinirləri kəsilsə, yediyiniz qidanın dadı heç bir şəkildə beyninizə çatmayacaq və bu duyğunuzu tamamilə itirəcəksiniz.

Burada daha bir həqiqətlə qarşılaşırıq: hər hansı qidanı daddığımızda başqasının da o qidadan eyni dadı aldığından, həmçinin, bir səsi eşitdiyimizdə başqa birisinin də eyni səsi eşitdiyindən heç vaxt əmin ola bilmərik. Bu həqiqətlə bağlı Linkoln Barnet bunları bildirir:

Heç kim qırmızı rəngi və ya “do” notunu digər birisi ilə eyni cür hiss etdiyini bilə bilməz.


Qaranlıq otağın pəncərəsindən rəngarəng bağçanın görünməsi kimi, qapqaranlıq beynimizin içində də rəngli bir dünya görürük.

Toxunma hissi də digərlərindən fərqlənmir. Bir cismə toxunduğumuzda xarici dünyanı və ya əşyaları tanımağımıza yardım edən məlumatlar dəridəki toxunma sinirləri vasitəsilə beyinə çatdırılır. Toxunma hissi, zənn edilənin əksinə olaraq, barmaq uclarımızda və ya dərimizdə deyil, beynimizdəki toxunma mərkəzində yaranır. Biz cisimlərdən gələn elektrik siqnallarının beynimizdə şərh olunması nəticəsində sərtlik, yumşaqlıq, istilik və ya soyuqluq kimi cisimləri xarakterizə etdiyimiz duyğuları hiss edirik. Bu mühüm həqiqətlə bağlı Bertran Rassel və Lüdviq Vitqenşteyn kimi məşhur filosofların fikirləri belədir:

... Bir limonun həqiqətən var olub-olmadığı və ya hansı mərhələlərlə ortaya çıxdığı araşdırıla bilməz. Limon sadəcə dillə alınan dad, burunla qoxlanan qoxu, gözlə görülən rəng və formadan ibarətdir. Yalnız bu xüsusiyyətləri elmi araşdırma və mühakimə mövzusudur. Elm obyektiv dünyanı əsla öyrənə bilməz.

Bu o deməkdir ki, beynimizdən kənarda olan maddi dünyaya çatmağımız mümkün deyil. Əlaqədə olduğumuz bütün obyektlər, əslində, görmə, eşitmə, toxunma kimi hisslərin cəmindən ibarətdir. Duyğu mərkəzlərindəki məlumatları şərh edən beynimiz həyatımız boyunca maddənin bizdən kənarda olan əsli ilə deyil, beynimizdəki surətləri ilə əlaqədə olur. Biz isə bunu gerçək maddə zənn edərək yanılırıq.

Beynimizin içində yaranan “xarici dünya”

Bura qədər qeyd etdiyimiz elmi həqiqətlər bizi danılmaz bir nəticəyə aparır: bizim gördüyümüz, toxunduğumuz, eşitdiyimiz və maddə, dünya, ya da kainat adlandırdığımız anlayışlar, əslində, beynimizdə şərh olunan elektrik siqnallarıdır. Biz beynimizdən kənarda olan əsil maddəyə heç vaxt çata bilmərik. Ətraf aləmin yalnız beynimizdə yaranan görüntüsünü görür, səsini eşidir və ləzzətini dadırıq.

Məsələn, meyvə yeyən bir insan meyvənin əsli ilə deyil, beyində yaranan duyğusu ilə əlaqədə olur. İnsanın meyvə olaraq adlandırdığı cisim onun formasına, dadına, qoxusuna və sərtliyinə aid məlumatların beyində şərh olunmasından ibarətdir. Əgər beyinə gedən görmə sinirini kəssəniz, meyvə görüntüsü də dərhal yox olar. Həmçinin, burundakı reseptorlardan beynə uzanan sinirlər qopsa, qoxu hissiniz tamamilə itər. Çünki meyvə beyinin bəzi elektrik siqnallarını şərh etməsindən başqa bir şey deyil.

Üzərində düşünülməli digər bir mövzu isə uzaqlıq hissidir. Məsələn, kompyuterlə aranızdakı məsafə sadəcə beyninizdə yaranan boşluq hissindən ibarətdir. İnsanın özündən çox uzaqda hesab etdiyi maddələr də, əslində, beyninin içindədir. İnsan göyə baxaraq ulduzları seyr edir və onların milyonlarla işıq ili uzaqlıqda olduğunu düşünür. Halbuki ulduzlar onun beynindəki görmə mərkəzindədir. Bu yazıları oxuyarkən içində olduğunu zənn etdiyiniz otağın da, əslində, içində deyilsiniz, əksinə, otaq sizin içinizdədir. Bədəninizi görməyiniz otağın içində olduğunuza sizi inandırır. Lakin bunu unutmayın: bədəniniz də yalnızca beyninizdə yaranan görüntüdən ibarətdir.


Həyatımız boyunca gördüyümüz hər bir görüntü beyinin arxa tərəfindəki bir neçə sm3-lik görmə mərkəzində yaranır. Dar otaq və ya geniş mənzərə görüntüsü də, əslində, çox kiçik olan bu mərkəzdə əmələ gəlir. Demək ki, biz kənarda olan həqiqi böyüklüyü deyil, yalnız beynimizin hiss etdiyi böyüklüyü görürük.

Bu hal digər duyğularınıza da aiddir. Məsələn, siz yan otaqdakı televizorun səsini eşitdiyinizi düşünərkən, əslində, beyninizdəki səsi dinləyirsiz. Uzaqdan gəldiyini zənn etdiyiniz səs də, yanınızdakı insanın danışığı da, əslində, beyninizdəki bir neçə kub santimetrlik eşitmə mərkəzində yaranır. Bu duyğu mərkəzindən başqa sağ, sol, ön və arxa kimi anlayışlar yoxdur. Yəni səs sizə sağdan, soldan və ya havadan gəlmir. Çünki səsin gəldiyi istiqamət yoxdur.

Hiss etdiyiniz qoxular da belədir. Heç biri uzaq məsafədən gəlmir. İybilmə mərkəzində yaranan duyğuların kənardakı maddələrin qoxusu olduğunu zənn edirsiniz. Halbuki qızılgülün görüntüsü necə görmə mərkəzində əmələ gəlirsə, onun qoxusu da iybilmə mərkəzində yaranır. Sizdən kənarda olan gülün, eləcə də onun qoxusunun əsli ilə heç vaxt əlqadə ola bilməzsiniz.


Müasir fizika elminin kəşfləri də maddi kainatın hisslərdən ibarət olduğunu göstərir. Amerikanın məşhur elm jurnalı “New Scientist”in 30 yanvar 1999-cu il tarixli nəşrində bu həqiqət qələmə alınmış və üz qabığında bunlar qeyd olunmuşdur: “Həqiqətin xaricində: Kainat məlumatın rəqsidirmi və maddə sadəcə ilğımdanmı ibarətdir?”


“New Scientist” jurnalının 27 aprel 2002-ci il tarixli nəşrində yayımlanan “Boş kainat” adlı məqalədə isə bunlar bildirilmişdir: “Əlinizdə bir jurnal tutursunuz. Sərtlik hissi verir, kainatda müstəqil varlığı varmış kimi görünür. Həmçinin, ətrafınızdakı digər obyektlər də – bir fincan qəhvə və ya kompyuter. Hər biri həqiqət kimi görünür. Lakin hamısı illüziyadır. Sərt olduğunu zənn etdiyiniz obyektlər yalnızca əks olunmalardan ibarətdir və kaleydoskopik formaların dəyişməsi ilə ortaya çıxır.”

Çünki xarici aləm beynimizə eyni anda çatan elektrik siqnallarından başqa bir şey deyil. Beynimiz həyatımız boyunca bu siqnalları dəyərləndirir. Biz isə bunların özümüzdən kənardakı əsil maddə olduğunu zənn edərək yanıldığımızın fərqində olmadan yaşayırıq. Çünki hislərimizlə maddənin əslinə qətiyyən çata bilmərik.

Xarici dünya zənn etdiyimiz elektrik siqnallarını şərh edərək mənalı hala gətirən beynimizdir. Məsələn, eşitmə duyğusunu düşünək. Qulağımıza gələn səs dalğalarını təhlil edərək onu simfoniyaya çevirən də, əslində, beyindir. Yəni musiqi beynimizin yaratdığı hisslərdən ibarətdir. Gördüyümüz rənglər də, əslində, işığın gözümüzə çatan fərqli dalğa uzunluqlarıdır. Bu fərqli dalğa uzunluqlarını rənglərə çevirən isə beynimizdir. Ətraf dünyada rəng yoxdur. Nə alma qırmızı, nə səma mavi, nə də ağaclar yaşıldır. Onlar sadəcə elə hiss etdiyimiz üçün bu cürdür.

Gözün torlu qişasında yaranan kiçik qüsur belə rəng korluğuna səbəb olur. Bəzi insanlar mavini yaşıl, bəzisi qırmızını mavi, bəziləri də rəngləri bozun müxtəlif çalarlarında görürlər. Belə olduqda ətrafdakı maddənin rəngli olub-olmamasının əhəmiyyəti qalmır.

Məşhur mütəfəkkir Berkeley də bu həqiqətə belə diqqət çəkir:

Əvvəllər rənglərin, qoxuların və digər obyektlərin gerçək olduğu zənn edilirdi. Lakin daha sonra bu cür fikirlər təkzib edildi və məlum oldu ki, bunlar hisslərimiz sayəsində mövcuddur. (“Treaties Concerning the Principle of Human Knowledge”, 1710, Works of George Berkeley, vol. I, ed. A. Fraser, Oxford, 1871)

Nəticə etibarilə bizim obyektləri rəngli görməyimizin səbəbi onların rəngə və ya maddi varlığa sahib olmaları deyil. Çünki varlıqlara aid etdiyimiz bütün xüsusiyyətlər ətraf aləmdə deyil, içimizdədir. Bəs o zaman ətraf dünyanı tam bildiyimizi necə iddia edə bilərik?

İnsanın sahib olduğu məhdud bilgi

İnsanın ətraf aləm haqqında olan məlumatının çox məhdud olması bura qədər izah etdiyimiz həqiqətin ortaya qoyduğu ən mühüm nəticələrdən biridir. Xarici dünya haqqındakı məlumatlarımız beş duyğu orqanımızla məhdudlaşır. Üstəlik bu duyğuların bizə hiss etdirdiyi dünya ilə “əsil dünya”nın tamamilə eyni olduğunu göstərən heç bir dəlil də yoxdur. Buna görə də əsil dünya bizim hiss etdiyimizdən çox fərqli ola bilər. Orada bizim hiss edə bilmədiyimiz bir çox varlıqlar və fərqli varlıq ölçüsü də ola bilər. Biz kainatın ən uzaq yerləri haqqında məlumat alsaq belə yenə də bilgimiz əskik olacaq. Bütün varlıqları qüsursuz və mükəmməl şəkildə bilən isə hər birini yaradan uca Allahdır. Allahın yaratdığı varlıqlar yalnız Onun izin verdiyi qədər məlumatlara sahib ola bilərlər. Allah Quranda bu həqiqəti belə xəbər verir:

Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur. (Bəqərə surəsi, 255)
Süni hazırlanmış “xarici aləm”

Tanıdığımız yeganə dünya zehnimizin içində olan, orada səsləndirilən və rəngləndirilən, qısası, zehnimizdə meydana gələn dünyadır. Bəzən beynimizdə seyr etdiyimiz bu duyğuların mənbəyi süni də ola bilər. Bunu belə bir nümunə ilə təsəvvür edə bilərik.

Əvvəlcə beynimizi bədənimizdən kənara çıxarıb şüşə qutunun içində süni yolla yaşatdığımızı düşünək. Onun yanına da hər növ elektrik siqnalını istehsal edə bilən kompyuter yerləşdirək. D aha sonra hər hansı mühitə aid görüntü, səs və qoxu ilə bağlı elektrik siqnallarını süni yolla bu kompyuterdə hazırlayıb yaddaşında saxlayaq. Sonra kompyuteri elektrik kabelləri ilə beyninizdəki duyğu mərkəzlərinə bağlayaraq yaddaşındakı siqnalları beyninizə göndərək. Beyniniz (yəni siz) bu siqnalları hiss etdikcə həmin siqnalların yaratdığı mühiti görəcək və yaşayacaq. Bu kompyuterdən beyninizə sizin görüntünüzə aid olan elektrik siqnallarını da göndərə bilərik. Masa arxasında oturarkən hiss etdiyiniz bütün görmə, eşitmə, toxunma kimi duyğuların elektrikli qarşılıqlarını beyninizə göndərdikdə beyniniz özünü bürosunda oturan iş adamı hesab edəcək. Kompyuterdən siqnallar gəldikcə bu xəyali dünya davam edəcək. Yalnız beyindən ibarət olduğunu isə heç vaxt anlamayacaq. Çünki beyinin içində dünya yaranması üçün beyindəki müvafiq mərkəzlərə lazımi siqnalların çatması kifayət edir. Bu siqnallar süni mənbədən, məsələn, qeyd cihazından və ya daha fərqli yerdən gələ bilər.

Məşhur filosof Bertrand mövzu ilə bağlı bunları bildirir:

Barmaqlarımızla masaya basdıqda yaranan toxunma duyğusu barmaq uclarındakı elektron və proton üzərində yaranan elektrik təsiridir. Müasir fizikaya görə bu, masadakı elektron və protonların yaxınlığından yaranır. Əgər barmaq ucundakı həmin təsir başqa yolla ortaya çıxsa idi, masanın olmamasına baxmayaraq, eyni şeyi hiss edərdik. (Bertrand Russell, Rölativitenin Alfabesi, Onur Yayınları, 1974, səh. 161-162)

Maddi qarşılığı olmayan hissləri rahatlıqla həqiqi zənn edib aldanırıq. Bu həqiqəti yuxularımızda da tez-tez yaşayırıq. Yuxuda tamamilə həqiqi görünən hadisələr yaşayır, müxtəlif insanlar, obyektlər və mühitlər görürük. Amma hər biri hissdən fərqli bir şey deyil. Yuxu ilə “həqiqi dünya” arasında əsaslı fərq yoxdur, hər ikisi də zehində yaşanır.

Hiss edən kimdir?

Yaşadığımızı zənn etdiyimiz və xarici dünya adlandırdığımız maddi dünyanın, əslində, beynimizdə yarandığına heç bir şübhə yoxdur. Amma əsas vacib sual burada ortaya çıxır: bildiyimiz bütün maddi varlıqlar hisslərdən ibarətdirsə, bəs beynimiz nədir? Beynimiz də qolumuz, ayağımız və ya istənilən əşya kimi maddi varlıq olduğuna görə, o da digər maddələr kimi hissdən ibarətdir.


Beyin zülal və yağdan ibarət hüceyrə yığınıdır və neyron (yuxarıda solda) adlanan sinir hüceyrələrindən ibarətdir. Şüuru, əlbəttə ki, neyronlar yaratmır. Neyronların quruluşunu araşdıranda qarşımıza atomlar çıxır (yuxarıda sağda). Şübhəsiz ki, şüursuz atomların şüur meydana gətirməsi qeyri-mümkündür. Ət parçası olan beyinin görüntüləri izləyən, şüuru formalaşdıran, qısası, “mən” dediyimiz şeyi yaradan gücü yoxdur.

Yuxu ilə bağlı nümunə mövzunu daha da aydınlaşdıracaq. İzah olunanlara uyğun olaraq beynimizin içində yuxu gördüyümüzü düşünək. Yuxuda xəyali bədənimiz olur: qolumuz, ayağımız, gözümüz, beynimiz. Yuxuda bizə: “harada görürsən”– deyə sual verilsə, “beynimdə görürəm”– deyə cavablandırarıq. Amma ortada həqiqi beyin yoxdur. Sadəcə xəyali bədən, kəllə qutusu və beyin mövcuddur. Yuxudakı görüntünü görən isə xəyali beyin deyil, ondan kənar bir varlıqdır. Yuxu ilə real həyat dediyimiz mühit arasında fiziki fərq yoxdur. Belə ki, bizə real həyatda “harada görürsən” sualına yuxarıda verilən nümunədəki kimi “beynimdə” cavabını vermək mənasızdır. Hər iki halda da görən və hiss edən varlıq ət parçasından ibarət olan beyin deyil.

Bura qədər beynimizdə ətraf aləmin surətini seyr etdiyimizdən bəhs etdik. Belə bir nəticəyə gəlirik ki, xarici dünyanın əslini heç vaxt tam olaraq bilməyəcəyik.

Digər mühüm həqiqət isə budur ki, seyr etdiyimiz bu dünyanı izləyən varlıq beynimiz deyil. Beyin ona gələn məlumatlar üzərində işləyib onları görüntüyə çevirən kompyuter-monitor sistemi kimidir. Amma kompyuterlər özlərini seyr edə bilmirlər. Varlıqlarını dərk etmirlər.

Şüuru tapmaq üçün beyini təhlil edəndə qarşımıza digər canlı orqanlarda da rast gəldiyimiz zülal və yağ molekullarından fərqli maddə çıxmır. Yəni beyin adlandırdığımız ət parçasında görüntüləri seyr edərək şərh edən, şüuru meydana gətirən, qısası, “mən” adlandırdığımız varlığı yaradan heçnə yoxdur.

R.L.Qreqori beyindəki görüntünün seyr edilməsi ilə bağlı insanların yalnış yanaşmasını belə ifadə edir:

Gözlərin beyində şəkillər yaratdığı ilə bağlı fikir mövcuddur, lakin bu, doğru deyil. Beyində şəkil yarandığı iddia edilirsə, bu şəkli görmək üçün daxildə gözə ehtiyac var. Lakin həmin gözü görmək üçün də yeni bir gözə ehtiyac var. Bu, sonsuz sayda göz və görüntü deməkdir. Belə bir ehtimal isə qeyri-mümkündür. (R.L.Gregory, Eye and Brain: The Psychology of Seeing, Oxford University Press Inc. New York, 1990, səh. 9)

Maddədən başqa varlıq qəbul etməyən materialistlərin cavablandıra bilmədikləri suallardan biri budur: Görən və gördüyünü qavrayan “daxildəki göz” kimə aiddir?

Karl Pribram da hiss olunanları qavrayanın kim olduğu ilə bağlı mühüm araşdırmaya diqqət çəkib:

Yunanlılardan bəri filosoflar “mexanikanın içində qarabasma”, “kiçik insanın içindəki kiçik insan” və başqa mövzular üzərində düşünüblər. Mən – beyindən istifadə edən varlıq haradadır? Əslində bilən kimdir? Assizili müqəddəs Fransiskin də dediyi kimi, “Axtardığımız şey baxanın kim olduğudur”. (Karl Pribram, David Bohm, Marilyn Ferguson, Fritjof Capra, Holografik Evren I, Çev: Ali Çakıroğlu, Kuraldışı Yayınları, İstanbul: 1996, səh. 37)

İndi bunu düşünün: İçində oturduğunuz otaq, qısacası, önünüzdəki bütün görüntülər beyninizin içində görülür. Bəs bu görüntüləri atomlar görür? Həm də kor, kar, şüursuz atomlar... Niyə atomların bəzisi bu xüsusiyyətləri qazanıb bəziləri yox? Düşünməyimiz, dərk etməyimiz, xatırlamağımız, sevinməyimiz, kədərlənməyimiz, bütün bunlar bu atomların arasındakı kimyəvi reaksiyalardan ibarətdir?

Bu sualları diqqətlə düşünəndə atomlarda iradə axtarmağın nə qədər mənasız olduğunu görürük. Aydındır ki, görən, eşidən və hiss edən varlıq maddədən kənar varlıqdır. Bu varlıq “canlı”dır və nə maddə, nə də görüntüdür. Bu varlıq bədən görüntümüzdən istifadə edərək qarşısındakı hisslərlə əlaqədə olur.

Bu varlıq ruhdur.

Bu sətirləri yazan və oxuyan ağıllı varlıqlar atom və molekul yığını və bunların arasında baş verən kimyəvi reaksiyalar deyil, “ruh”dur.

Əsil mütləq varlıq

Qarşımıza çox önəmli bir sual çıxır: Bir halda ki, təmasda olduğumuz dünya əslində ruhumuzun gördüyü hisslərdirsə, o halda bu hisslərin mənbəyi nədir?..

Sualı cavablandırarkən bu həqiqətə diqqət yetirməliyik: Biz maddəni sadəcə xəyalımızda görürük, xaricimizdəki əsli ilə heç vaxt təmasda ola bilmərik. Maddə bizim üçün hissdən ibarət olduğuna görə “süni” bir şeydir. Yəni bu hiss başqa qüvvə tərəfindən yaradılmalıdır. Həm də fasiləsiz olaraq. Əgər fasiləsiz yaradılmasa, bu hisslər də yox olar. Bu, televizor ekranında görüntünün davam etməsi üçün yayımın fasiləsiz davam etməsinə bənzəyir.

Bəs bizim ruhumuza ulduzları, dünyanı, bitkiləri, insanları, bədənimizi və gördüyümüz digər hər şeyi fasiləsiz olaraq kim göstərir?

Aydındır ki, yaşadığımız bütün maddi kainatı yaradan və onu durmadan yaratmağa davam edən üstün Yaradıcı var. Bu yaradıcı bu cür möhtəşəm yaradılış nümayiş etdirdiyinə görə də sonsuz güc və ağıl sahibidir. Həmçinin bu yaradıcı endirdiyi kitabda bizə Özündən, kainatdan və bizim yaradılış məqsədimizdən bəhs edir.

Bu yaradıcı Allah, kitabı isə Qurandır.

Göylərin və yerin, yəni kainatın sabit və stabil olmadığı, sadəcə Allah yaratdığı üçün mövcud olduğu və Allah yaratmadıqda yox olacağı bir ayədə belə ifadə edilir:
Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır. (Fatir surəsi, 41)
Əlbəttə, bu ayədə maddi kainatın Allahın qüdrəti altında saxlanılmasından bəhs olunur. Allah kainatı, dünyanı, dağları, canlı-cansız bütün varlıqları yaradıb və onları hər an qüdrəti altında saxlayır. Allahın Xaliq ismi maddi kainatda təzahür edir. Bu da bizə göstərir ki, beynimizin xaricində Allahın yaratdığı varlıqlardan ibarət maddi kainat var. Ancaq Allah möcüzə və yaratmasındakı üstünlüyün və sonsuz elmin təzahürü olaraq bu maddi kainatı bizə “xəyal, “kölgə” və ya “görüntü” kimi izlətdirir. Allahın mükəmməl yaratmasının nəticəsi olaraq insan beyninin xaricindəki dünyaya əsla çata bilməz. Əsil maddi kainatı isə sadəcə Allah bilir.

Fatir surəsindəki bu ayənin digər açıqlaması da Allahın insanların gördükləri maddi kainat görüntülərini hər an idarə etdiyidir. (Ən doğrusunu Allah bilir.). Allah zehnimizə dünyanı göstərməsə, bütün kainat bizim üçün yox olar və bir daha onunla təmasda ola bilmərik.

Maddi kainatın əslini heç vaxt görməmək həqiqəti çox insanda yaranan “Allah haradadır?” sualının cavabını ortaya qoyur.

Girişdə qeyd etdiyimiz kimi, insanların çoxu Allahın gücünü qavraya bilmədiklərindən Onu göydə hansısa bir yerdə olan və dünyadakı işlərə müdaxilə etməyən varlıq olaraq düşünürlər (Allahı tənzih edirik.). Bu məntiqin təməlində kainatın maddələr yığını olduğu, Allahın isə bu maddələrin “xaricində” bir yerdə olduğu fikri dayanır.

Halbuki bura qədər bəhs olunanlardan aydın olur ki, nə maddi kainatın əslinə çata bilərik, nə də onun mahiyyətini tam olaraq qavrayarıq. Tək bildiyimiz həqiqət bütün bunları yaradan Yaradıcının, yəni Allahın varlığıdır. İmam Rəbbani kimi böyük İslam alimləri bu həqiqəti “Var olan yeganə mütləq varlıq Allahdır, ondan başqa hər şey kölgə varlıqlardır.” şəklində ifadə ediblər.

Çünki gördüyümüz dünya zehnimizdədir və onun xarici dünyadakı qarşılığına çatmağımız qətiyyən mümkün deyil.

Belə olduqda da Allahın maddi kainatın “xaricində” olduğunu düşünmək də yanlış olar. Allah əslində hər yerdədir və hər yeri əhatə edir. Bu həqiqət Quranda belə açıqlanır:
Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur. (Bəqərə surəsi, 255)
Doğrudan da, onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Həqiqətən, O, hər şeyi əhatə edir. (Fussilət surəsi, 54)
Başqa ayədə Allahın məkandan münəzzəh olduğu və hər yeri tamamilə əhatə etdiyi belə bildirilir:
Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah (hər şeyi) Əhatəedəndir, Biləndir. (Bəqərə surəsi, 115)
Maddi varlıqlar Allahı görə bilməzlər, amma Allah yaratdığı maddəni hər halı ilə görür. Quranda “Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir.” (Ənam surəsi, 103) deyilərək bu həqiqətdən bəhs olunur.

Yəni biz Allahı gözümüzlə görə bilmərik, amma Allah bizim daxilimizi, xaricimizi, baxışlarımızı, düşüncələrimizi tamamilə əhatə edir. O bilmədən tək bir söz deyə bilməz, nəfəs belə ala bilmərik.

“Xarici dünya” olduğunu düşündüyümüz hissləri seyr edərkən, yəni yaşayarkən bizə ən yaxın olan varlıq Allahın Özüdür. Quranın “İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq.” (Qaf surəsi, 16) ayəsinin sirri də bu həqiqətdə gizlidir. İnsan, bədəninin maddədən ibarət olduğunu düşünəndə bu mühüm həqiqəti qavraya bilmir. Çünki insana görə “özünün” olduğu yer beynidirsə, o zaman xaricində gördüyü yer özündən 20-30 santimetr uzaqda olacaq. Amma maddə deyə bildiyi hər şeyin zehnindəki hisslər olduğunu qavrayanda xaric, daxil, uzaq, yaxın kimi anlayışlar da mənasını itirəcək. Allahın onu hər tərəfdən əhatə etdiyini və ona “sonsuz yaxın” olduğunu anlayacaq.

Allah insanlara “sonsuz yaxın” olduğunu “Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam...” (Bəqərə surəsi, 186) ayəsi ilə də bildirir. Digər ayədə keçən “Rəbbin insanları əhatə etmişdir.” (İsra surəsi, 60) ifadəsində də bu həqiqət vurğulanır.

İnsan bir az dərin düşünsə heyranlıq oyandıran bu möhtəşəm hala özü də şahid olacaq. Yəni dünyadakı bütün hadisələrin xəyaldan ibarət olduğuna...

İnsan ona ən yaxın olan varlığın özü olduğunu düşünərək yanılır. Halbuki Allah bizə özümüzdən belə yaxındır. (Can) boğaza yetişdiyi zaman həmin an siz (can verən adama) baxırsınız. Biz ona sizdən daha yaxın oluruq, siz isə (bunu) görmürsünüz. (Vaqiə surəsi, 83-85) ayələri ilə də bu həqiqətə diqqət çəkilib. Ancaq ayələrdə bildirildiyi kimi insanlar gözləri ilə görmədikləri üçün bu möhtəşəm həqiqətdən xəbərsiz yaşayırlar.

Digər tərəfdən, İmam Rəbbaninin sözlərinə görə kölgə varlıq olan insanın Allahdan müstəqil gücə sahib olması qeyri-mümkündür. “Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır.” (Saffat surəsi, 96) ayəsi yaşadığımız bütün hadisələrin Allahın nəzarəti altında baş verdiyini göstərir. Quranda bu həqiqət bildirilir və “atdığın zaman sən atmadın, Allah atdı...” (Ənfal surəsi, 17) ayəsi ilə heç bir hərəkətin Allahdan müstəqil baş vermədiyi vurğulanır. İnsan kölgə varlıq olduğu üçün özü hərəkət edib ata bilməz. Ancaq Allah bu kölgə varlığa özü atdığı hissini verir. Əslində isə bütün hərəkətləri həyata keçirən Allahdır.

Həqiqət budur. İnsan bunu qəbul etməyə bilər, özünün Allahdan müstəqil varlıq olduğunu düşünməyə davam edə bilər, amma bu heç bir şeyi dəyişdirməz.

Sahib olduğumuz hər şey, əslində, xəyaldır

Bizim “xarici dünya” ilə birbaşa deyil, Allahın fasiləsiz olaraq ruhumuza göstərdiyi surəti ilə təmasda olmağımız elmi və məntiqi həqiqətdir. Nədənsə, insanlar bunu elə də düşünmək istəmirlər. Bir az səmimi və cəsur düşünsək, evimizin, içindəki əşyalarımızın, yeni aldığımız maşınımızın, ofisimizin, ləl-cəvahiratımızın, bankdakı hesabımızın və sahib olduğumuz digər şeylərin əslində zehnimizdə olduğuna şahid olarıq. Ətrafımızda gördüyümüz, eşitdiyimiz, iylədiyimiz, qısası, beş duyğumuzla hiss etdiyimiz hər şey “surət olan dünyaya” aiddir. Ən sevdiyimiz sənətçinin səsi, oturduğumuz stulun sərtliyi, qoxusunu bəyəndiyimiz ətir, bizi isindirən günəş, rəngləri ilə göz oxşayan çiçək, pəncərəmizin xaricinə uçan quş, dənizdə sürətlə hərəkət edən motorlu qayıq, bol məhsul verən bağçamız, işimizdə istifadə etdiyimiz kompyuter və ya dünyada ən qabaqcıl texnologiyaya sahib olan stereo sistemi... Həqiqət budur, çünki dünya yalnız insanı sınamaq üçün yaradılan aləmdir. İnsanlar qısa müddətli həyatı boyunca əslinə heç vaxt çata bilməyəcəkləri hisslərlə sınanırlar. Bu hislər isə xüsusi olaraq xoşagələn və cəlbedici göstərilir. Bu həqiqət Quranda belə xəbər verilir:
Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır. (Ali İmran surəsi, 14)
İnsanların çoxu sahib olduğu və ya olmağa çalışdığı mal, pul, yığdığı qızıl, gümüş, dollar, ləl-cəvahiratlar, hesab vəsiqələri, kredit kartları, şkaflarla dolu paltarlar, son model maşınlar, qısası, hər növ zənginliyə böyük istək duyaraq dini, axirəti unudur və ancaq dünyaya yönəlirlər. “İşim var”, “ideallarım var” “məsuliyyətlərim var”, “vaxtım məhduddur”, “çatdırılmalı işlərim var”, “gələcəkdə edəcəm” deyərək dünyanın “gözəl və cəlbedici” üzünə aldanaraq namaz qılmır, mallarını kasıblara vermir, axirətdə mükafatını alacağı ibadətlərə yönəlmirlər. Əksinə, ancaq dünyada mənfəət qazanmağa çalışır və ömürlərini bu şəkildə bitirirlər. “Onlar dünya həyatının görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər.” (Rum surəsi, 7) ayəsində məhz bu aldanışdan bəhs olunur.

Maddi dünyanın əsli ilə bağlı həqiqət bütün bu istək və bağlılıqları mənasızlaşdırır. Bu həqiqəti anlamaqla insanların sahib olduğu və ya olmağa çalışdığı hər şeyin, hərisliklə səldə etdikləri mülklərin, varlıqları ilə öyündükləri uşaqlarının, özlərinə ən yaxın hesab etdikləri həyat yoldaşlarının, ən sevdikləri dostlarının, bədənlərinin, üstünlük olaraq gördükləri mövqelərinin, oxuduqları ali məktəblərin, keçirdikləri tətil yerlərinin kölgə varlıqdan ibarət olduğu görülür. Belə halda göstərilən əzm, sərf olunan əmək və vaxt hədər yerə getmiş olur.

Belə ki, bəzi insanlar sahib olduqları mal və mülkləri, yaxtaları, vertolyotları, fabrikləri, holdinqləri, köşkləri, torpaq sahələri ilə sanki bunların əsli ilə təmasda olurmuş kimi lovğalanarkən, əslində, alçalırlar. Yaxtalarında təkəbbürlə gəzənlər, dostlarına maşınlarını göstərərək öyünənlər, varlı olduqlarını hər fürsətdə dilə gətirənlər, mövqelərinin onları hər kəsdən üstün etiyini və bunlarla özlərini göstərdiklərini düşünənlər, əslində, zehinlərindəki görüntü ilə lovğalandıqlarını anlayanda hansı vəziyyətə düşəcəklərini bilməlidirlər.

Bunların oxşarını yuxularında da tez-tez görürlər. Yuxularında da evləri, çox sürətli maşınları, yüksək dəyərdə olan ləl-cəvahiratları, dəstə-dəstə dollarları, yığın-yığın qızıl və gümüşləri olur. Yuxuda da yüksək mövqeyi, minlərlə insanın işlədiyi fabrikləri, çox insana əmr edə biləcəyi gücü, hər kəsin heyran olduğu paltarları olur. Necə ki, yuxuda sahib olduqları ilə lovğalanmaq onları gülünc hala salırsa dünyada əlaqədə olduğu görüntülərlə lovlağanmaq da onları həmin hala salır. Nəticə etibari ilə yuxuda gördükləri də, bu dünyada təmasda olduqları da zehinlərindəki görüntülərdən ibarətdir.

Bu insanlar dünyada ikən hadisələr qarşısında verdikləri reaksiyalara görə də utanacaqlar. Qəzəbdən və ya həyəcandan özünü itirənlər, fırıldaqçılıq, saxtakarlıq, xəsislik edənlər, rüşvət alanlar, yalan danışanlar, insanları incidənlər, onları döyüb söyənlər, azğınlaşmış təcavüzkarlar, hərisliklə yüksək mövqeyə sahib olmaq istəyənlər, həsəd aparanlar, özünü göstərməyə, ucaltmağa çalışanlar və digərləri bütün bunları xəyal içində etdiklərini anlayanda rüsvay olacaqlar.

Bütün kainatı yaradan və hər insana ayrı-ayrı göstərən Allah olduğuna görə, bu dünyadakı bütün mülkün əsl sahibi də yalnız Allahdır. Belə ki, bu həqiqət Quranda belə xəbər verilir:

Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi əhatə edir. (Nisa surəsi, 126)

Əsli ilə təmasda olunmayan ehtiraslar uğrunda din əxlaqını bir kənara buraxmaq və bunun nəticəsində sonsuz həyatı itirmək çox böyük ağılsızlıqdır. Allah onların bu vəziyyətini belə təsvir edir:
Onlar, axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar. (Hud surəsi, 16)
“Bütün sahib olduğumuz və arzuladığımız mallar, zənginlik, uşaqlar, dostlar, məqam-mövqe bir gün yox olacaq. Ona görə də əhəmiyyətsizdir” demək düzgün deyil. “Bu sahib olduqlarımızın heç birinin əsli ilə onsuz da təmasda deyilik, hamısı yalnız beynimizdə izlədiyimiz hisslərdən ibarətdir və Allahın bizi sınamaq üçün göstərdiyi görüntülərdir.” mənasındadır. Diqqət yetirsək, ikisi arasında çox böyük fərq var.

İnsan bütün sahib olduqlarının həqiqi olduğunu düşünərək özünü aldatsa belə, öldükdən sonra yenidən dirildiyi zaman, yəni axirətdə hər şey dəqiqliklə aydın olacaq. O gün insan “çox sərrast görəcək” (Qaf surəsi, 22) və hər şeyi açıqlığı ilə dərk edəcək. Amma əgər dünyadakı həyatını xəyali məqsədlər uğrunda keçirmişsə, orada heç yaşamamasını diləyəcək, ayədə bildirildiyi kimi, “Kaş ki o (ölüm hər şeyi) kəsib bitirsəydi. Malım mənə heç bir fayda təmin edə bilmədi. Güc və qüdrətim yox olub getdi” (Haqqa surəsi, 27-29) deyərək həlak olacaq.

Ağıllı insanın öhdəsinə düşən isə kainatın bu ən böyük həqiqətini dünyada vaxt varkən qavramağa çalışmaqdır. Əks halda bütün ömrünü xəyallar uğrunda yaşayıb nəticədə böyük ziyana uğrayacaq. Dünyada xəyallar arxasınca qaçıb Yaradıcımız olan Allahı unudan insanların son vəziyyətlərini Allah belə təsvir edir:

Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O öz yanında Allahı tapar. O da onun cəzasını verər. Allah tez haqq-hesab çəkəndir. (Nur surəsi, 39)

Materialistlərin yanlış məntiqləri

Bu bölmənin əvvəlindən bəri maddənin materialistlərin iddia etdiyi kimi mütləq varlıq olmadığı, əksinə Allahın yoxdan yaratdığı və əslinə çata bilmədiyimiz kölgə varlıq olduğu elmi yolla təsdiq edildi. Materialistlər isə bütün fəlsəfələrini yox edən bu açıq həqiqətə qarşı olduqca doqmatik üslubla müqavimət göstərir və əsassız məntiqlər irəli sürürlər.

Məsələn, XX əsrdə materialist fəlsəfənin ən böyük müdafiəçilərindən biri olan qatı marksist Corc Politzer maddənin əsli ilə təmasda olduğunun “böyük dəlili” olaraq “avtobus nümunəsi”ni vermişdi. Politzerə görə idealist mütəfəkkirlər də şosedə avtobus gördükləri zaman əzilməmək üçün qaçırlar və bu maddənin əsli ilə təmasda olduqlarının sübutudur. (George Politzer, Felsefenin Başlangıç İlkeleri, İstanbul: Sosyal Yayınlar, 1989, səh. 53)

Digər məşhur materialist Conson isə ona maddənin əsli ilə təmasda olmadığından bəhs ediləndə daşlara təpik vuraraq onların əsli ilə təmasda olduğunu “sübut etməyə” çalışmışdı. (Orhan Hançerlioğlu, Düşünce Tarihi, İstanbul: Remzi Kitabevi, 6-cı nəşr, 1995 sentyabr, səh. 261)

Buna oxşar digər nümunəni də Politzerin müəllimi və dialektik materializmin Marksla birlikdə qurucusu olan Fridrix Engels verib. Engels “əgər yediyimiz tortlar hissdən ibarət olsa idi, aclığımızı aparmazdılar.” deyə yazmışdı.11 Marks, Engels, Lenin kimi materialistlərin kitablarında bu cür nümunələrə və “maddənin varlığını sillə yeyəndə anlayarsınız” kimi qəzəb dolu cümlələrə yer verilir.

Materialistlər “Maddənin əslinə çata bilmərik” fikrinin görmə duyğusu ilə bağlı olduğunu zənn edirlər. Hiss anlayışının sadəcə görmə ilə bağlı olduğunu, toxunaraq isə maddənin əsli ilə təmasda olduqlarını düşünürlər. Avtobusun insanı vurması nümunəsində isə “baxın vurur, deməli əsli ilə təmasdayıq” deyirlər. Qavramaqda çətinlik çəkdikləri məqam isə avtobus vuranda hiss edilən sərtlik, zərbə və ağrı kimi bütün hisslərin də əslində zehində yarandığıdır.

Yuxu nümunəsi

Xaricimizdə olan dünyanın əslinə heç vaxt çata bilmərik. Bunu bizə göstərən ən mühüm həqiqət isə ortada “xarici dünya” olmadığı halda onun mövcud olduğunu düşünməyimizdir. Bu yuxularda baş verir. İnsan yuxuda həqiqi olduğunu düşündüyü hadisələr yaşayır. Pilləkəndən yıxılıb ayağını qırır, ciddi yol qəzası keçirir, avtobusun altında qalır, acanda tort yeyib doyur. Gündəlik həyatımızda qarşılaşdığımız hadisələrin bənzəri yuxuda da eyni inandırıcılıqda, eyni hisslərlə yaşanır.

Yuxuda özünü avtobusun vurduğunu görən insan qəzadan sonra gözünü xəstəxanada aça bilər. Şikəst qaldığını anlayar, amma əslində bu yuxudur. Yenə yuxusunda qəzada öldüyünü, ölüm mələklərinin canını aldığını, axirət həyatının başladığını görə bilər.

Yuxudakı dünya

Sizə görə maddə əllə tutulan, gözlə görülən bir şeydir. Halbuki, yuxuda da “əlinizlə tutur, gözünüzlə görürsünüz”, amma əslində, nə əliniz, nə gözünüz, nə də görüb tutduğunuz bir şey var. Bunların heç biri beyinin xaricində olan maddi varlıqlar deyil. Bəs əsl həyatla yuxunu fərqləndirən nədir? Nəticədə, hər ikisi də beyində yaşanır. Yuxuda ikən həqiqi olmayan dünyada rahatlıqla yaşaya biliriksə, bu hal yaşadığımız dünyaya da aiddir. Yuxudan oyandıqda həqiqi həyat dediyimiz daha uzun yuxuya başlayırıq. Bu cür düşünməməyimiz üçün heç bir məntiqli əsas yoxdur. Yuxunu xəyal, dünyanı həqiqi zənn etməyimizin səbəbi sadəcə vərdişlərimiz və ön mühakimələrimizdir. Bu isə bizə indi yaşadığımızı düşündüyümüz dünya həyatından yuxudan oyandığımız kimi oyandırılacağımızı göstərir.

Yuxuda yaşadığı bütün bu hadisələrin görüntülərini, səslərini, sərtlik hissini, ağrını, işığı, rəngləri, hər cür hissi çox aydın şəkildə hiss edir. Yuxuda yaşadığı bütün hisslər, həqiqi həyatındakı qədər təbiidir. Yuxuda yediyi tort hisslərdən ibarət olmasına baxmayaraq, qarnını doyurur. Çünki doymaq da bir hissdir. Halbuki, insan o an yatağında uzanmış vəziyyətdədir. Olduğu yerdə nə pilləkən, nə nəqliyyat, nə avtobus, nə də tort var. İnsan yuxuda xarici dünyada qarşılığı olmayan qavrayış və hissləri yaşayır və görür. Yuxuda “xarici dünyada” heç bir maddi qarşılığı olmayan hadisələrin yaşanması, görülməsi və hiss edilməsi xarici dünyanın mahiyyətini bizim heç vaxt tam olaraq bilməyəcəyimizi sübut edir. Bu aləmin əsl mahiyyətini ancaq onu yaradan uca Allahın vəhyi ilə öyrənə bilərik.

Materialist fəlsəfəni mənimsəyənlər, xüsusilə də marksistlər onlara bu həqiqətdən bəhs edildikdə əsəbiləşirlər. Mark, Engels, Leninin bu mövzudakı səthi və cahilcə məntiqlərindən nümunələr verir və əsassız açıqlamalar gətirirlər.

Halbuki bu insanlar eyni açıqlamaları yuxularında da verə bildiklərini düşünməlidirlər. Yuxuda da “Kapital” əsərini oxuyur, mitinqlərə qatılır, başlarına daş dəyir və hətta bundan yaranan ağrını hiss edirlər. Yuxuda onlardan soruşduqda gördüklərinin mütləq maddə olduğunu hesab edirlər. Eynilə oyandıqda gördüklərini mütləq maddə hesab etdikləri kimi. Amma istər yuxuda, istər gündəlik həyatımızda olsun gördüklərinin, yaşadıqlarının, hiss etdiklərinin hissdən ibarət olduğunu və bunların mənbəyinə heç vaxt çata bilməyəcəklərini bilməlidirlər.

Sinirləri paralel bağlama nümunəsi

Politzerin yol qəzası nümunəsinə nəzər salaq. Bu qəzada avtobusun altında əzilən insanın beş duyğu orqanından beyninə gedən sinirlər başqa bir insanın, məsələn, Corc Politzerin beyninə paralel bağlantı ilə bağlansa, qəzadakı insanı avtobus vurduğu anda o an evində oturan Politzeri də avtobus vuracaq. Daha doğrusu qəza keçirən insanın yaşadığı bütün hissləri, eynilə, bir musiqi setinə bağlanan iki ayrı səs gücləndiricidən eyni mahnının səslənməsi kimi Politzer yaşamağa başlayacaq. Politzer də evində oturduğu halda avtobusun əyləc səsini, avtobusun bədəninə dəyməsini, qırıq qol və axan qan görüntülərini, qırıqlar nəticəsində yaranan ağrılarını, cərrahiyyə otağına aparılması görüntülərini, gipsin sərtliyini, qolunun güclüzlüyünü hiss edəcək, görəcək və yaşayacaq.

Qəzadakı insanın sinirləri neçə insana bağlansa da, hamısı Politzer kimi qəzanı əvvəlindən sonuna kimi yaşayacaq. Qəzadakı insan komaya girsə, hamısı komaya girəcək. Hətta yol qəzası ilə bağlı bütün hisslər bir qeyd cihazına yazılsa və bu hisslər fasiləsiz başa alınaraq birinə yaşadılsa həmin insanı dəfələrlə avtobus vuracaq.

Bəs belə olduğu halda, vuran avtobus həqiqidir? Materialist fəlsəfə bu suala cavab verə bilmir. Doğru cavab isə yol qəzasını incəliklərinə qədər zehinlərində yaşadıqlarıdır.

Daşa təpik vurmaq və tort nümunələrində də vəziyyət eynidir. Tort yedikdə qarında şişkinliyi və toxluğu hiss edən Engelsin duyğu orqanlarına aid sinirlər paralel olaraq ikinci insanın beyninə bağlansa, Engels tort yediyi və doyduğu anda o insan da tort yeyəcək və doyacaq. Daşa təpik vurduqda ayağı ağrıyan materialist Consonun sinirləri paralel olaraq başqa insana bağlansa, bu insan da daşa vuracaq və ayağı ağrıyacaq.

Bəs hansı tort və hansı daş həqiqidir? Materialist fəlsəfə buna da cavab verə bilmir. Doğru və ziddiyətsiz cavab budur: Həm Engels, həm də digər insan tortu zehinlərində yeyib doyublar. Həm Conson, həm də ikinci insan daşa təpik vurma anını bütün təfərrüatları ilə birgə öz zehinlərində yaşayıblar.

Yuxarıda Politzerlə bağlı verilən nümunədə belə bir dəyişiklik edək. Evində oturan Politzerin sinirlərini avtobus vuran insanın beyninə, qəza keçirən insanın sinirlərini də Politzerin beyninə bağlayaq. Belə vəziyyətdə Politzer əslində evində oturduğu anda onu avtobusun vurduğunu zənn edəcək, digər insan isə avtobus nə qədər şiddətlə dəysə də, bunu əsla hiss etməyəcək, çünki özünün evdə oturduğunu düşünəcək. Daşa təpik vurma və tort nümunələri də bu məntiqlə düşünülə bilər. Bütün bunlar materializmin çox böyük xürafə olduğunu göstərir. Bu fəlsəfənin təməli maddənin mütləq varlıq olduğu fikri üzərində qurulub. Halbuki insan heç bir zaman maddənin əsli ilə təmasda deyil ki, hər şeyin maddədən ibarət olduğunu iddia etsin. Kainat əslində zehnimizdə gördüyümüz hisslər dünyasıdır. İngilis filosof Devid Yum bu həqiqətlə bağlı fikirlərini belə ifadə edir:

““Özüm” dediyim varlıq üzərində çox səmimi düşündüyüm zaman isti, ya da soyuq, işıq, ya da kölgə, eşq, ya da nifrət, kədər, ya da sevinclə bağlı bir hissə, ya da başqa bir şeyə daima rast gəlirəm. Mən hiss olmadan özümü hansısa zamanda görə bilmirəm və əsla hissdən fərqli bir şey görə bilmirəm”. (Paul Davies, Tanrı ve Yeni Fizik, Çev:Murat Temelli, İm Yayın Tasarım Yaşam Kitapları-1, İstanbul 1995, səh. 180-181)

Bu hissləri aşıb maddənin əslini heç vaxt qavraya bilməyəcəyimizə görə təmasda olmadığımız “maddə” haqqında fəlsəfi fikir söyləmək, daha doğrusu “maddə”ni təmasda olduğumuz mütləq varlıq olaraq qəbul etmək tamamilə ağılsızlıqdır. Buna görə də materializm ən başından bəri çökmüş nəzəriyyədir.

Hisslərin beyində yaranması fəlsəfi fikir deyil, elmi həqiqətdir

Materialistlər burada izah olunanların fəlsəfi fikir olduğunu iddia edirlər. Halbuki “xaricimizdəki” maddi dünyanı deyil, zehnimizdəki dünyanı görməyimiz fəlsəfi fikir yox, elmi həqiqətdir. Görüntü və hisslərin beyində necə yarandığı bütün tibb fakültələrində ətraflı öyrədilir. Başda müasir fizika olmaqla XX əsrin elminin ortaya qoyduğu həqiqətlər maddənin əslinə heç vaxt çatmadığımızı, hər kəsin sanki "beynindəki ekranı" izlədiyini göstərir.

Bunu istər ateist, istər buddist, istərsə də başqa inanc və düşüncəyə sahib olsun, elmə inanan hər kəs qəbul etmək məcburiyyətindədir. Bir materialist öz düşüncəsinə görə Allahın varlığını inkar edə bilər, amma bu elmi həqiqəti inkar edə bilməz. Yaşadıqları dövrün elm anlayışı və elmi imkanları kifayət qədər olmasa da, Karl Marks, Fridrix Engels, Corc Politzer və digərlərinin bu qədər asan anlaşılan və açıq həqiqəti qavramamaları təəccüblüdür. Amma müasir dövrümüzdə elmin və texnologiyanın imkanları çox genişlənib. Materialistlər isə həm qismən də olsa, bu mövzunu qavradıqlarına, həm də bu mövzunun fəlsəfələrini alt-üst etməsini anlamalarına görə böyük qorxu içərisindədirlər.

Mövzunun əhəmiyyəti

Maddənin həqiqəti ilə bağlı sirri doğru qavramaq çox vacibdir. Gördüyümüz bütün varlıqlar, dağlar, düzənliklər, çiçəklər, insanlar, dənizlər, qısası, gördüyümüz hər şey, Allahın Quranda var olduğunu, yoxdan yaratdığını bildirdiyi hər varlıq yaradılmışdır və mövcuddur. Ancaq insanlar duyğu orqanları ilə bu varlıqların əslini görə, hiss edə və ya eşidə bilməzlər. Gördükləri və hiss etdikləri isə bu varlıqların beyinlərindəki surətləridir. Bu, elmi həqiqətdir və indiki dövrdə başda tibb fakültələri olmaqla bütün universitetlərdə öyrədilən elmi mövzudur. Məsələn, indi bu yazını oxuyan insan, yazının əslini görə və ona toxuna bilməz. Bu yazının əslindən gələn işıq insanın gözündəki bəzi hüceyrələr tərəfindən elektrik siqnalına çevrilir. Elektrik siqnalı beyinin arxasındakı görmə mərkəzinə gedərək, onu fəaliyyətə keçirir. Bu şəkildə yazının görüntüsü yaranır. Yəni siz indi gözünüzlə gözünüzün önündəki yazını oxumursunuz. Bu yazı beyninizin arxasındakı görmə mərkəzində yaranır. Sizin oxuduğunuz yazı beyninizin arxasındakı “əslinin surətidir”. Bu yazının əslini isə Allah görür.

Ancaq unudulmamalıdır ki, maddənin beynimizdə yaranan xəyal olması onun olmadığı mənasında deyil. Bizə təmasda olduğumuz maddənin mahiyyəti haqqında məlumat verir ki, bu da heç bir insanın maddənin əsli ilə təmasda ola bilməyəcəyini göstərir. Qaldı ki, xaricimizdə maddənin varlığını bizdən başqa görən varlıqlar da var. Allahın mələkləri, gözətçi olaraq təyin etdiyi elçiləri də bu dünyaya şahiddirlər:

Sağında və solunda iki (mələk) oturub (onun əməllərini qeydə alır.) Dediyi elə bir söz yoxdur ki, (onu yazmaq üçün) yanında hazır durmuş gözətçi olmasın. (Qaf surəsi, 17-18)

Hər şeydən əvvəl, Allah hər şeyi görür. Bu dünyanı hər incəliyi ilə birgə Allah yaradıb və hər halını görür. Quran ayələrində belə xəbər verilir:
“Allahdan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür”. (Bəqərə surəsi, 233)
De: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. Həqiqətən, O, qullarından Xəbərdardır, (nə etdiklərini) Görəndir”. (İsra surəsi, 96)
Unudulmamalıdır ki, Allah bütün hadisələri “Lövh-i Məhfuz” adlı kitabda qeyd edib. Biz görməsək də, bunların hamısı Lövh-i Məhfuzda var. Quranda hər şeyin Allah Qatında, Lövh-i Məhfuz adlanan “Ana Kitab”da qorunduğu belə bildirilir:

Şübhəsiz ki, o, yanımızdakı Ana Kitabdandır. O, ucadır, hikmətlə doludur. (Zuxruf surəsi, 4)
“Bizdə (hər şeyi) qoruyan bir Kitab (Lövhi-məhfuz) vardır”. (Qaf surəsi, 4)
Göydə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-məhfuzda) olmasın. (Nəml surəsi, 75)