Hıçqırma


Hıçqırma niyə baş verir?

Yemək yeyərkən udqunduqda qida ilə birlikdə bəzən hava da uduruq. Bu hava yeməklə birlikdə həzm sisteminə daxil olur. Həzm sistemi bu havanı hıçqırıqla xaric edir.

Hıçqırma necə baş verir?

Havanı udduqda diafraqma dərhal büzüşür və ani, sürətli nəfəs alma baş verir. Bu əsnada boğazımızın yuxarı tərəfində, səs tellərinin yerləşdiyi hissədə qapanma baş verir və buradan keçən havanın qarşısı bir anlıq kəsilir. Bu da boğazımızdan səs çıxmasına səbəb olur.

Mədə və diafraqmanın sinirləri bir-birinə çox yaxın olduğundan bu iki orqan bir-biri ilə sıx əlaqədardır. Buna görə, əsasən, yemək yedikdən sonra hıçqırıq başlayır. Həzm prosesi qurtardıqdan sonra isə dayanır.

Hıçqırmanın orqanizmə təsiri

Əgər bədənimizdə hıçqırıq refleksi olmasa idi, həzm sisteminə daxil olan havadan xəbərimiz olmazdı. Mədəmizdə narahatlıq hiss etsək də, bu havanı çıxarmaq üçün hıçqırmalı olduğumuzu bilməz, bilsək də, bunu bacarmazdıq. Öz iradəmizlə bunu etməyə çalışdıqda isə narahatlığımız daha da artardı. Halbuki, bunlara heç ehtiyac olmadan Allahın ilhamı ilə orqanizmdə baş verən bu proses nəticəsində belə narahatlıqların qarşısı alınır. Bu qüsursuz mexanizm qullarına qarşı çox mərhəmətli olan Rəbbimizin qüsursuz yaratma sənətini əks etdirir.