Başqa bir acizliyimiz: yaşlılıq


Zamanın dağıdıcı təsiri hər şeydə gözlə görünən şəkildə özünü göstərir. Ən son model adı ilə alınan maşın bir neçə ilə cızılır, xarab olur və köhnəlir. Çox bəyənilən bir evin 5-10 ilə (əgər təmir olunmasa) boyaları tökülür və dağılır. Ancaq ən çox dəyişikliyə insan öz bədənində şahid olur. Ötən illər insanın çox dəyər verdiyi bədəninə bərpa olunmayacaq dərəcədə zərər vurur. İnsanın müəyyən zaman ərzində keçirdiyi bu dəyişiklik Quranda belə bildirilmişdir:

Sizi zəif bir şeydən (nütfədən) yaradan, zəiflikdən sonra sizə qüvvət verən, qüvvətli olduqdan sonra zəiflik və qocalıq verən Allahdır. O, istədiyini yaradır. O, Biləndir, Qadirdir. (Rum surəsi / 54).
Yaşlılıq adətən üzərində düşünülməyən və həyata dair planlara daxil edilməyən dövrdür.

İnsanlar bəzi fiziki acizlik içərisində keçirdikləri bu dövrü bacardıqları qədər düşünmək istəmirlər. Bəzən söhbət açıldığı zaman qorxu və narahatlıq keçirirlər, ancaq qısa müddət sonra bundan uzaqmış kimi gündəlik həyatlarına davam edirlər. Yaşlanacaqlarını düşünmək istəməmələrinin ən böyük səbəblərindən biri bu düşüncənin onlara bu dünyada sonsuza qədər qalmayacaqlarını xatırlatmasıdır.

Bu səbəbdən gec-tez qarşılaşacaqları ölümü çox az düşünürlər. Qarşılarında uzun illərin olduğunu, yaşlılıq və ölümün hələ çox gec baş verəcəyini zənn edirlər. Quranda insanların bu yalnış düşüncəsinə belə diqqət çəkilmişdir:
Bəli, Biz onlara və atalarına ömürləri boyunca xoş güzəran verdik. Məgər onlar Bizim, gəlib müşriklərə aid ərazini hər tərəfdən əskiltdiyimizi görmürlərmi? (Ənbiya surəsi, 44)
Bu insanların düşüncələri yanlışdır. Çünki yetkin bir insanın öz həyatına nəzər salanda görəcəyi şeylər ancaq bəzi xatirələridir. Uşaqlıq və gənclik çağlarında yaşadığı yaxşı, pis hadisələr, onu həyəcanlandıran şeylər, məqsədlər sadəcə xatirədir. Bu səbəbdən "uzun bir həyatı" anlatmaq ən çox bir neçə saat çəkir.

İnsan bir neçə saniyə düşünməklə bu həqiqəti qavrayaraq bir qərar almalıdır. Məsələn, 40 yaşında olan bir insan 65 yaşına qədər yaşamağı ümid edirsə qarşıdakı 25 ilinin də eynilə 45 il kimi tez keçəcəyini bilməlidir. Eyni insan 90 yaşına qədər yaşasa da, heç bir şey dəyişməz, çünki qarşısında uzun illər də olsa, onsuzda əvvəl-axır tükənəcək. Elə bu zaman insanın yaşlanması dünyanın ötəri bir məkan olduğunun ən açıq xatırladıcısıdır. İnsan nə edir etsin, bu dünyadan bir dəfəlik ayrılacaqdır.

Elə isə insan ön mühakimələrini bir kənara qoyub həyatı haqqında daha dərin düşünməlidir. Əvvəla, zaman çox sürətlə keçir və insan hər ötən gün daha gənc və gümrah olmağın əksinə, ayədə də bildirildiyi kimi daha da "zəifləyir". Qısası, yaşlanmaq insanın acizliyinin ən əsas göstəricisidir. Bu da bir həqiqətdir ki, zaman keçdikcə insan bədəni və zehni getdikcə zəifləməyə başlayır. Quranda insanın yaşlılıqla bərabər yaşadığı acizliklərdən belə bəhs olunur:
Sizi Allah yaratmışdır. Sonra O sizi öldürəcəkdir. Sizlərdən bəziləri vaxtilə bildiyi şeyləri unutsun deyə ömrünün ən rəzil çağına çatdırılacaq. Həqiqətən, Allah Biləndir, hər şeyə Qadirdir. (Nəhl surəsi , 70)
Tibbi olaraq yaşlılığa " ikinci uşaqlıq dövrü" də deyilir. Çünki bədəndə baş verən korlanmalar insanı eynilə uşaq kimi qulluğa və qorunmağa möhtac edir. Bu yaşlarda fiziki və ruhi cəhətdən uşaqlıq dövrünə xas əlamətlər özünü göstərir. Yaşlı bir insan gənc ikən gördüyü bir çox işi artıq görə bilmir. Gənc ikən çox güclü yaddaşa sahib olan birinin getdikcə yaddaşı zəifləyir. Bu nümunələri daha da artırmaq olar. Ancaq nəticə etibarilə, bəlli bir yaşdan sonra hər insan uşaqlıq dövrünə qayıdır.

Qısaca, hər insan həyatına uşaq kimi başlayır və müəyyən bir zaman sonra təkrar uşaqlığa qayıdaraq həyatını sonlandırır. Bu proses, əlbəttə ki, əbəs yerə yaradılmayıb. Allah istəsəydi, insanı ölənə qədər gənc yaşadar və bədənində heç bir qüsur və xəstəlik yaratmazdı. Ancaq Allah yaşlılıq dövrü ilə insana bir sıra fiziki acizliklər yaradaraq bu dünyanın ötəriliyini bir daha xatırladır. Eynilə bu dünyadakı əskiklikləri göstərərək insanda əsil yurd olan cənnət həsrəti yaradır.

Bu dünyanın faniliyi və insanın bir hikmət ilə yaşlılıq çağına yetişdirildiyi aşağıdakı ayədə açıqca göstərilmişdir:
Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi oradan uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi yetkinlik yaşına çatmamış vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtilə bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir.
(Həcc surəsi, 5)
Yaşlılıqda yaşanan fiziki acizliklər:

Nə qədər zəngin, məşhur və ya güclü olursa olsun, heç kim yaşlandığı zaman yaşayacağı fiziki acizliklərdən xilas ola bilməz:

Dəri qoruyucu funksiyası ilə bərabər, insan gözəlliyi üçün çox əhəmiyyətlidir. Təxminən, yarım millimetr qalınlığında olan bu toxumanın altında estetik olaraq heç gözəl olmayan mənzərə var. Belə ki, bu mənzərəyə baxmaq belə çox çətindir. Deməli, " insanın öyündüyü " şey əslində 2 kiloqramlıq dəridir. Nə hikmətlidir ki, yaşlanmanın ən çox təsir etdiyi şey də yenə dəridir.

Ən üstdəki iki rəsim dünyanın ən yaşlı fransızı olan Janna Kalmana aiddir. Bu iki rəsim arasında tam 100 illik bir zaman fərqi var. Ortada isə Natalia Revueltanın gənclik və yaşlılıq dövrüdür. Rəsimdəki dəyişikliklər hər kəsə aiddir. İnsan bədəninin yaşlanması və pozulma prosesi dünya həyatının müvəqqəti olduğunun ən açıq dəlilidir. İnsan doğulur, böyüyür, yaşlanır və ölür. Amma bu prosesi keçirən ancaq insan bədənidir, insan ruhu əsla yaşlanmır.

Yaşlandıqca dərinin elastikliyi azalır, incəlir və alt təbəqələrin quruluşu və skeleti əmələ gətirən zülallar zəifləyib çökdüyü üçün dəri sallanır. Orta yaşlı insanları qorxuya salan qırışların yaranma səbəbi budur. Dərinin üst qatında yağ təbəqəsini əmələ gətirən və yumşaqlıq verən vəzilərin daha az yağ ifraz etməsi də qabıqlanmaya gətirib çıxarır. Hədsiz qabıqlanma və tökülmə dərinin keçiriciliyini artırdığı üçün xarici təsirlərin dəriyə nüfuz etməsi asanlaşır. Bu da yaşlılıqda qaşıntı, dırnaq yaraları, yuxusuzluq və s. əmələ gətirir. Eynilə dərinin alt qatında da çox böyük pozulmalar yaşanır. Yaşlı insanlarda dəri toxumalarında yenilənmə və maddələr mübadiləsi çox zəifləyir. Bu səbəbdən yaşa dolduqca bəd xassəli şişlərin yaranması da artır.

Sümüklərin sağlamlığı da insan bədəni üçün çox əhəmiyyətlidir. Dik qamətli olmaq gənc biri üçün çox asan olduğu halda yaşlı biri üçün çox çətindir. Onurğada meydana gələn təbii əyilmə nəticəsində qozbellilik yaranır. Duruşuna belə hakim ola bilməyən insanın, əlbəttə, digərlərinə qarşı təkəbbür göstərməsinin bir mənası qalmır. Özü qəbul etmək istəməsə də acizliyini digərlərindən gizlədə bilməyəcəkdir.

Yaşlı insanların sinir hüceyrələri yenilənmədiyi üçün bütün duyğularında geriləmə olur. İşığın parlaqlığının dəyişməsi ilə gözlərin ölçü dəyişdirmə qabiliyyəti azalır. Bu görmə qabiliyyətinin zəifləməsinə səbəb olur. Rənglərin canlılığı, cisimlərin forması, yeri və uzaqlığı bulanıqlaşır. Çox əhəmiyyətli olan görmə kəskinliyi get-gedə azalır. İnsanın yaşlılıq dövrü ilə yaşadığı fiziki və mənəvi çöküntü, şübhəsiz üzərində düşünülməli olan bir hadisədir. Yuxarıda da bildirdiyimiz kimi, Allah istəsəydi, insana bu əskikliklərin heç birini verməzdi; insan doğulduqdan sonra böyüyər, hətta bütün orqanları yaşı ötdükcə daha da qüvvətlənərdi. Öyrəşmədiyimiz bir model də olsa, insanın özünü yeniləyən və inkişaf etdirən xüsusiyyətinin olması mümkün ola bilərdi. Lakın Allahın bir hikmətlə yaratdığı insan bədəni dünyadakı hər şey kimi yaşlanmağa və sonda məhvə məhkumdur.

Beləliklə, insan bu dünyanın faniliyini və özünə faydası olmadığını anlamalıdır. Bütün bu acizliklər sonsuz həyatın yanında dünya həyatının heç bir qiymətinin olmadığını göstərir. Allah Quranda bu həqiqətə diqqət çəkərək dünya həyatının müvəqqəti gözəlliklərlə dolu olduğunu ayələrlə xəbər vermişdir. İnsanlara bunu düşünmələrini və öyüd almalarını əmr etmişdir:

Dünya həyatının məsəli göydən endirdiyimiz suyun məsəlinə bənzəyir ki, onun sayəsində insanların və heyvanların yediyi yer bitkiləri bir-birinə qatışır. Nəhayət, yer öz bərbəzəyinə bürünüb rövnəqləndiyi və onun sakinləri ona (onun məhsulunu yığmağa) qadir olduqlarını güman etdikləri zaman gecə, yaxud gündüz əmrimiz yerə yetişər. Biz onu, elə bir biçilmiş sahəyə döndərərik ki, sanki dünən heç bol (məh¬¬sulu) olmamışdı. Biz ayələri düşünən adamlar üçün beləcə izah edirik.(Yunus surəsi, 24)
Buraya qədər bəhs etdiklərimizdən göründüyü kimi, insan doğulur və müəyyən bir yaşa çatır. Bu dövrdə bədəninin özünə aid olduğu qənaətində olur və özünü bütün dünyanın mərkəzi kimi görür.

Ancaq bir müddət sonra anidən gücü və gözəlliyi yaşlanma ilə bərabər yox olmağa başlayır və özü də buna müdaxilə edə bilmir. Allah bu dünya həyatını müvəqqəti yurd kimi yaratmışdır. İnsanı gerçək yurdu olan axirəti xatırladacaq, ona hazırlanmasına səbəb olacaq hər cür acizliklə birlikdə yaratmışdır.

İBRƏT GÖTÜRƏCƏYİMİZ YAŞLILIQ ÖRNƏKLƏRİ

Yaşlılıq istisnasız hər kəs üçün qaçılmazdır, ancaq zəngin, məşhur, ya da gözəl insanların yaşlanmaları çox ibrətamizdir. Cahil cəmiyyətlərdə bir çox insanın puluna, gözəlliyinə, şöhrətinə heyranlıq duyduğu kimsələrin yaşlılığı və acizliyi də dünya həyatının qısalığını və dəyərsizliyini göstərən ən əsas xatırlatıcılardır.

Bunun örnəklərinə ətrafımızda dəfələrə şahid oluruq. Bir vaxtlar fiziki gözəlliyi ilə ad qazanmış, çox ağıllı və sağlam olan insanların bir gün televiziyada, ya da qəzetlərdə fiziki və zehni gücünü itirdiyini görürük. Əlbəttə, bütün insanlar üçün bu hal qaçılmazdır, ancaq qeyd etdiyimiz kimi heyranlıq duyulan şəxslərin yaşlılıqla yaşadıqları acizliklərin istər-istəməz insan üzərində yaratdığı təsir daha böyük olur. Sonrakı bölmələrdə belə insanlara örnək verəcəyik və görəcəyik ki, nə qədər gənc, məşhur, ya da gözəl olur olsun, hər insanın qarşılaşacağı qaçılmaz son yaşlılıqdır.